Şamaxı rayonunda vaksinasiya prosesinə kölgə salan qanunsuz əməllərlə bağlı istintaq hərəkətləri aparılır
Digər xəbərlər

Şamaxı rayonunda vaksinasiya prosesinə kölgə salan qanunsuz əməllərlə bağlı istintaq hərəkətləri aparılır

Şamaxı Rayon Mərkəzi Xəstəxanasında COVID-19 əleyhinə vaksinasiya ilə bağlı saxta sənədlərin tərtib edilməsi barədə daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, araşdırma ilə həmin xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxslərə vaksin vurulmadığı halda COVID-19 əleyhinə vaksinasiya olunmaları barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən olunması məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

AZƏRTAC