Regional bölmələrin rəhbər heyəti üçün təlimlər keçirilir
Region

Regional bölmələrin rəhbər heyəti üçün təlimlər keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyinin regional bölmələrinin rəhbər heyəti üçün "Korrupsiyaya qarşı mübarizə" və "Etik davranış qaydaları" mövzularında təlimlərə başlanıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, təlimlər Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı" və "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" çərçivəsində təşkil edilib. İlk belə təlimlər Şirvan, Lənkəran və Quba şəhərlərində keçirilib. Təlimlər "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli və Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin əməkdaşları tərəfindən aparılır.

Qeyd edək ki, respublikamızın 60-dan çox rayon və şəhəri üzrə nazirliyin 90-a yaxın qurumunu əhatə edəcək bu təlimlərdə məqsəd korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşların potensialının artırılması, maarifləndirmə, bu sahədə şəffaflığın və hesabatlılığın gücləndirilməsi, işçilərin bilik və bacarıqlarının daha da yüksəldilməsidir.

"Respublika".