Qarabağ cənnətə dönür
Region

Qarabağ cənnətə dönür

İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-yenidənqurma işləri iki xalq arasındakı fərqi açıq şəkildə dünyaya göstərir.

"Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər işlər görürük, cəmi iki ildə. O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib - elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur... İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bildirib.

30 il işğal altında qalan, 2020-ci ildə işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və yenidənqurma işləri davam edir. Əsas hədəf keçmiş məcburi köçkün və qaçqınların öz doğma yurdlarına qaytarılmasını nəzərdə tutan Böyük Qayıdış proqramını uğurla həyata keçirməkdən ibarətdir. Nəzərə alsaq ki, işğal zamanı bütün fiziki və sosial infrastruktur dağıdılıb, yenidənqurma tədbirlərindən əvvəl xeyli ərazinin minadan təmizlənməsi həyata keçirilməlidir, onda qarşıda duran vəzifənin icrasının o qədər də asan olmadığı aydın görünər.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq və əmək və sosial siyasət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib: "Cari ilin ötən dövrü ərzində dövlət büdcəsi gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafına dair ötən ilin payızında verilmiş proqnozun yenilənməsi, Ümumi Daxili Məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 5,6 milyard manat artırılması bu ilin büdcəsində əlavə maliyyə resurslarının yaranmasını, onların bölünməsini gündəmə gətirir".

Azərbaycan hökumətinin bu ilin əvvəlində Milli Məclisə təqdim etdiyi dövlət büdcəsinə dəyişiklikləri əhatə edən qanun layihəsinə əsasən Qarabağ və Şərqi Zəngəzurun bərpasına daha çox vəsait yönəldiləcək. Milli Məclisin üzvü Vüqar Bayramov isə deyib ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərin artımı üçün əlavə 2 milyard 260 milyon manat nəzərdə tutulur. 2023-cü ildə bütövlükdə bu istiqamətə 5 milyard 260 milyon manat vəsait ayrılacaq. Bu, Böyük Qayıdış prosesinin daha intensiv şəkildə həyata keçirilməsinə, sürətləndirilməsinə və bu istiqamətdə daha çox vəsaitin ayrılmasına imkan verəcək.

Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların el-obasına qayıdışı təmin edilməlidir. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq. Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür.

Prezident İlham Əliyevin bölgələrə etdiyi səfərin bu ərazilərdə aparılan işlərin intensivliyini stimullaşdıran əsas amil olduğu hər kəsə bəllidir. Dövlət başçısının hər bir layihənin icrasını diqqətində saxlaması ilk növbədə, bu işlərin yüksək effektivliyini təmin edir. Ölkə rəhbərinin Qarabağa və Şərqi Zəngəzura hər səfəri təcavüzkar Ermənistanda gündəm olur, geniş müzakirələrə yol açır. Prezidentin Şuşaya səfərləri isə erməni ictimai şüurunda daha böyük əks-səda doğurur. Onlar Azərbaycan Prezidentinin Şuşaya səfərlərinə hər dəfə olduqca ağrılı reaksiya verirlər. Çünki ermənilər Şuşanı işğaldan azad etməyimizlə hələ də barışa bilməyiblər. Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuzun mədəniyyət paytaxtımızı azad etməsi Ermənistan toplumuna ağır psixoloji travma yaşadıb. Bu baxımdan onlar Prezident İlham Əliyevin bütün səfərlərini az qala mikroskop altında izləyirlər. İzlədikcə, bu ərazilərdə baş verən müsbət dəyişiklikləri gördükcə də onların posttravmatik ağrıları, isterikaları bir az da güclənir. Çünki fərqli görürlər. Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti, quruculuq, bərpa işlərinin miqyasını gördükcə özləri ilə Azərbaycan xalqı arasındakı kəskin fərqin şahidi olurlar. Özlərinin dağıdıcı və vandal xarakteri ilə bizim qurucu, yaradıcı missiyamızı da müşahidə və müqayisə etmək imkanı əldə edir, bu torpaqların həqiqətən də onlara aid olmadığını görmək, anlamaq və qəbul etmək məcburiyyətində qalırlar. Təbii ki, bu fərq onları ciddi şəkildə qıcıqlandırır. Hər halda aramızdakı fərq bütün göstəriciləri ilə ermənilərin əleyhinə olmaqla ortadadır və düşmən bu həqiqətin qarşısında çox acizdir.

Dövlət başçısının səfərləri, onun Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa-yenidənqurma işlərinin gedişatını daim diqqətdə saxlaması, həmçinin bütün dünyaya da açıq mesaj rolunu oynayır. Azərbaycan xalqının və onun liderinin qurucu olduğunu bütün dünya görür. Bu işlər kimin kim olduğunu da əyani şəkildə dünyaya göstərir. Bu mənada Prezident İlham Əliyevin "Sanki bu yerlərdən vəhşi bir qəbilə gəlib keçib, hər şeyi yıxıb, dağıdıb, məhv ediblər" - məşhur ifadəsi bu gün tam yerinə düşür. O yerləri 30 il ərzində bərbad hala salmış erməni xalqı ilə bu torpaqları işğaldan sonra yenidən quran Azərbaycan xalqını müqayisə etmək istəyənlər qoy dönüb Şuşaya, Ağalıya, cənnətə dönən Laçına... baxsınlar. Çəkilən yollara, salınan körpülərə, tikilən su elektrik stansiyalarına, daha nələrə, nələrə baxıb gözlərinə su versinlər. Dağıdıb tökmək, insanları qətlə yetirmək, təbiətin köksünü yaralamaq, axan bulaqları qurutmaq və s. kimi qeyri-insani hərəkətlər heç kəsə başucalığı gətirmir. Bunu törədənlər bir gün qanun qarşısında cavab verməli olacaqlar, necə ki, verirlər... Çünki örkən nə qədər uzun olsa da bir gün gəlib doğanaqdan keçir...

Zümrüd QURBANQIZI,

"Respublika".