Rafael Hüseynov: Azərbaycan ümumavropa mədəniyyət layihələrinin gerçəkləşdirilməsinə töhfələr verməyə həmişə hazırdır
MÜSAHİBƏLƏR

Rafael Hüseynov: Azərbaycan ümumavropa mədəniyyət layihələrinin gerçəkləşdirilməsinə töhfələr verməyə həmişə hazırdır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və media komitəsinin mayın 9-da İtaliyanın Roma şəhərində keçirilən iclasının əsas müzakirə mövzusu mədəniyyətlərarası dialoqun yeni çevik formalarından istifadə məsələləri idi.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı həmin toplantıda təmsil edən Milli Məclisin deputatı Rafael Hüseynov bu istiqamətdə ölkəmizin əhəmiyyətli fəaliyyətlərinə xüsusi diqqət yönəldib. İtaliyanın mədəniyyət naziri Dario Françestinin giriş məruzəsi və onunla aparılan fikir mübadilələrindən sonra Avropa mədəni həyatının aktual problemləri ilə bağlı İtaliya və İspaniyadan aparıcı mədəniyyət mərkəzlərinin təmsilçisi olan mütəxəssislərin çıxışları dinlənilib.

"Mədəni marşrutlar mədəniyyətlərarası dialoq meydanı kimi" adlı əsas məruzənin müzakirələrində AŞPA-dakı Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov geniş çıxış edərək əvvəlcə mədəniyyətin müasir Avropa və dünyadakı misilsiz birləşdirici yolundan bəhs edib: "Avropa Şurasına daxil olan 46 ölkənin hər birinin ən müxtəlif problemlərə baxışlarında fərq ola bilər - istər dövlət, istər xalq səviyyəsində. Ancaq bir dəyər var ki, ona münasibətdə yalnız üzv dövlətlərin deyil, əslində, bütün ölkələrin və xalqların mövqeyi, baxışları təxminən eynidir. Hamı mədəni irsə son dərəcə həssas münasibət bəsləyir, onu qorumağı, yaşatmağı, yeni nəsillərə ötürməyi vacib sayır, heç kəsdə də şübhə yoxdur ki, xalqları yaxınlaşdıran, birləşdirən ən etibarlı körpü də məhz mədəniyyət, onun yaşarı sərvətləridir. Müşahidələr və müqayisələr də onu göstərir ki, Avropa Şurası mədəniyyətlərarası dialoqu təbliğ və təşviq edən, bu mövzuya ardıcıl olaraq diqqət yönəldən beynəlxalq təşkilatlar sırasında ən öndə yer alanlardandır".

Azərbaycanın son illərdə Avropa Şurasının, həmçinin digər beynəlxalq təşkilatların keçirdiyi bir sıra mühüm tədbirlərə ev sahibliyi etməsi və ölkəmizin dünyada multikultural təcrübə sahəsində aparıcı mövqedə qərar tutmasından söz açan Rafael Hüseynov bildirib: "Mədəniyyətlər və dinlərarası dialoqa həsr edilən bir çox beynəlxalq tədbirlərə Bakının ev sahibliyi etməsi son illərdə bir növ ənənəviləşib. Əlbəttə ki, bu, səbəbsiz deyil. Bu bir tərəfdən tarixi ənənələr, Azərbaycanın ta keçmişlərdən Asiya və Avropa arasında körpü olması, "İpək yolu"nun üzərində yerləşməsi, ən müxtəlif mədəniyyətlərə həmişə açıq olması ilə bağlıdırsa, digər tərəfdən müasir dövrdə ölkədə bərqərar olmuş son dərəcə sağlam multikultural mühitlə əlaqədardır. Qədim və tarixin sınaqlardan çıxmış bir zərbül-məsəl var ki, insan bilmədiyinin, tanımadığının düşmənidir. Ola bilsin sərt söylənib, amma hər halda bu deyilişdə vacib bir həqiqət də gizlənib. Dost olmaq, sevmək, yaxınlaşmaq üçün əvvəlcə gərək tanıyasan. Az tanıdıqca bir-birindən daha uzaq olursan. Başqalarını yaxşı öyrəndikcə, tanıdıqca aradakı cazibə də artır. Bu mənada isə mədəniyyətdən daha güclü vasitəni ağıla gətirmək çətindir. Ona görə də mənim fikrimcə mədəniyyətlərarası dialoqun intensivləşdirilməsi haqqında onsuz da hər kəsə yaxşı məlum olan həqiqətləri dönə-dönə təkrarlamaqdansa, əməli fəaliyyətə daha çox üstünlük vermək gərəkdir". Bu istiqamətdə Avropa Şurasının böyük töhfələr verə bilməsi və bunun üçün təşkilatın potensialının da, real addımlar atmaq imkanlarının da az olmamasını vurğulayan azərbaycanlı deputat qeyd edib ki, sadəcə, bu gerçəkləşdirmənin yeni-yeni yollarını aramaq lazımdır.

Azərbaycanın Avropa Şurasında fəaliyyətə başladığı ilk dövrlərdən yorulmadan çalışdığını söyləyən Rafael Hüseynov bildirib ki, bütün bunları nəzərə alaraq hələ 2000-ci illərin əvvəllərində AŞPA-da avropalı deputatların da şərik çıxaraq məmnuniyyətlə qoşulduğu və imzaladığı silsilə sənədlər hazırlayıb. Həmin tövsiyə üçün təklif və qətnamələrdə Strasburqda 46 ölkənin birgə səyləri ilə yaradılması düşünülən və hər üzv ölkənin mədəni, tarixi çöhrəsini nümayiş etdirən muzey, çap və elektron versiyada müştərək "Avropa mədəniyyəti" ("Euroculture") almanaxının təsis edilməsi və digər ideyalar əksini tapıb. Rafael Hüseynov təəssüf hissi ilə əlavə edib ki, bəlkə də elə 20 il əvvəl mədəni yaxınlaşmanı və qarşılıqlı tanımanı daha artıq təmin edə biləcək bu qəbil təşəbbüslərin gerçəkləşməsi üçün səylər əsirgənməsəydi, bu gün başqa dünyaya, fərqli Avropaya sahib olardıq və mədəniyyətdən keçən yolların yaratdığı təmaslar bir çox ziddiyyət və qarşıdurmaların da baş verməsini əngəlləyərdi.

Deputat Rafael Hüseynov Avropa Şurasının Mədəni Marşrutlar Proqramına da ümidlə baxdığını deyərək bu niyyətin gerçəkləşdirilməsi üçün təkliflərini də müzakirə iştirakçılarının diqqətinə çatdırıb: "Nəcib ideyanın, xeyirxah çağırışların sadəcə gözəl səslənən sözlər kimi qalmayaraq faydalı işə çevrilməsi üçün isə mütləq və mütləq reallaşması uzun vaxt ummayan, icrası çətinliklər vəd etməyən silsilə layihələr hazırlanmalıdır və bu yolda hamımız əl-ələ olmalıyıq. Azərbaycan isə həmin layihələrin gerçəkləşməsində ən fəal iştiraka və uğurlu təcrübələrini bölüşməyə daim hazırdır".

AZƏRTAC