Qərbi Azərbaycana qayıdış hüquqlarımızın bərpası deməkdir
Digər xəbərlər

Qərbi Azərbaycana qayıdış hüquqlarımızın bərpası deməkdir

Xalqımız min illər boyu erməni mənfurları tərəfindən bir çox etnik təmizləmə, deportasiyalara məruz qalıb, ata-baba yurdlarından zorla qovulub. 1828-ci ildə başlayan bu amansızlıq onilliklərlə davam edib.

2020-ci ildə qüdrətli Azərbaycan ordusu düşmən qüvvələri torpaqlarımızdan qovaraq onlara heç vaxt unutmayacaqları bir dərs verdi. Artıq doğma yurdumuz Qərbi Azərbaycana qayıdacağımız gün də yaxınlaşır. Belə ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalını qəbul edərkən icmanın fəaliyyəti ilə bağlı özünün konseptual fikirlərini səsləndirdi. Bu fikirlər Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının da əsasını təşkil edir. Prezident İlham Əliyev bildirib ki, Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran əsas məsələ budur. Bir ay müddətində Konsepsiya hazırlandı. Sənəddə son dövrlərdə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın tarixi torpaqlarına qayıtması prosesində İcmanın fəaliyyətinin ümumi prinsipləri öz əksini tapıb. Konsepsiya yanvarın 25-də Müşahidə Şurasında təsdiq edilib. Qərbi Azərbaycan İcması tərəfindən 26 yanvar 2023-cü ildə qəbul edilmiş Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Bu il martın 28-də Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Sənəd BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan), adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunmasına dair bəndləri altında yayılıb. Bu, İcmanın BMT sənədi kimi yayılmış ikinci sənədidir. Bundan əvvəl, yanvar ayında İcmanın beynəlxalq ictimaiyyətə müraciəti yayılmışdı.

BMT-də yayılan sənəd göstərir ki, artıq beynəlxalq müstəvidə də bu istiqamətdə işlərə başlanılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə demişdir: "Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".

Biz inanırıq ki, Qərbi azərbaycanlıların pozulmuş hüquqları yaxın zamanda bərpa olunacaq və onlar öz doğma yurdlarına qayıdacaqlar.

Nəzrin CAVADZADƏ,

"Respublika".