Qəhrəmanlığı ilə el-obaya layiqli övlad
Region

Qəhrəmanlığı ilə el-obaya layiqli övlad

Torpaq, Vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanları bu gün xatırlamaq mənəvi borcumuzdur. Hər bir şəhid ömrü bir tarixdir. Vətən yolunda qızıl hərflərlə yazılan bir tarix. Şəhidlərimizin keçdikləri qısa, keşməkeşli yollar göstərir ki, onlar bu şərəfli zirvəyə güclü iradəsi, əqidəsi, xarakteri ilə yüksəliblər. Odur ki, Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu bu gün hər kəsə örnəkdir. Şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur.

Bu il sentyabrın 12-13-də düşmənin son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz öz canlarını doğma torpağımızın müdafiəsi uğrunda qurban verdilər. Onlardan biri idi Vadim Qocayev. Vadim Alik oğlu Qocayev 1997-ci il yanvarın 10-da Qobustan rayonunun Sündü kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi veteranı, həmçinin Aprel döyüşlərinin iştirakçısı idi.

Uzun illər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmişdi. Döyüşlərdə yaralansa da, hospitalda yaralarını yüngül yazdırıb, yenidən cəbhəyə qayıtmışdı. Prezident İlham Əliyevin sərəncamlarına əsasən "İgidliyə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdi.

Ömrü yarımçıq qırıldı, həssas qəlbi, duyğusu ilə Vətənə, torpağa, el-obaya bağlı bu igid Vadim Qocayev 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid oldu.

Bir gündə ailənin iki üzvünü əbədi mənzilə yola salan şəhidimizin anası Xalidə Qocayeva üçün olduqca ağırdır. Xalidə ana deyir ki, oğlunun şəhid xəbərinə dözməyib ürəyi dayanan həyat yoldaşımın bu anları görmədiyi üçün bir valideyn kimi bəlkə də xoşbəxtdir: "Bir valideyn üçün oğlunun tabutunu qucaqlamaq ən böyük acıdır. Yoldaşım bu dərdə dözmədi. Oğlumun yaralı xəbəri gəldi. Bizə dedilər ki, ayağından yaralanıb. Ümidimiz vardı ki, bəlkə balam sağ qala. Elə yoldaşım da bu ümidlə Gəncəyə yola düşmüşdü. Yolda elə hey deyib ki, əgər Vadimi gedib sağ görməyəcəmsə, ürəyim ona çatmamış dayansın. Alikin oğlumuzun tabutuna çatmamış, yoldaca ürəyi dayanıb. Mən bir gündə iki tabut qucaqladım. Məni isə bu dərdin ortasında tək qoyub getdi".

Üç oğul anası olan X.Qocayevanın oğlanlarının hamısı orduda xidmət edir: "Böyük oğlum da orduda müddətdən artıq xidmət edir. Vadim isə altı il idi ordudaydı. Balaca oğlum isə əsgərlikdədir". Xalidə ananın yeganə təsəllisi Vadimin Vətən yolunda şəhid olmasıdır.

Şəhidimizin nənəsi Həmail Qocayeva bildirir ki, "Atası da Vadimin yanına getdi. Evə xəbər gəldi ki, oğlun yaralanıb. Dedim ki, "get balanı salamat evə gətir. Balamın tabutu şəhid oğlunun tabutu ilə birlikdə evə gəldi. Allah heç kimi bu cür sınaq qarşısında aciz qoymasın! Vətən sağ olsun! Şəhidlər ölmür, onlar hər zaman yaşayacaq. Bir yaşlı qızı qaldı. Qızının 1 yaşı noyabrda tamam olacaqdı. Dekabr ayında da oğlu dünyaya gələcəkdi. Yoldaşı ona sürpriz edəcəkdi, oğul xəbərini! İndiyə qədər elə bilirdi ki, ikinci övladı da qızdır, amma şəhid olan günü bildilər ki, oğlan gözləyirlər. Bu xəbəri bilmədən Vadim şəhid oldu. Çox heyf ki, Vadim bu günləri görmədi. Vadim çox vətənpərvər oğul idi. Sonuncu dəfə danışdı, ailəsinə fotolar yolladı".

Hərbi xidmətdə olan qardaşı Alı Vadimlə ölümündən üç gün əvvəl danışdığını söyləyir: "Mənimlə hər dəfə danışanda komandirin tapşırıqlarına riayət etməyimi, Vətənin keşiyində ayıq-sayıq olmağımı tövsiyə edirdi. Sanki şəhid olacağını bilirdi. Vətəni bizə əmanət edib özü şəhadətə ucaldı".

Vadimin Azərbaycan bayrağına bükülmüş cənazəsi ilə yanaşı ürəktutmadan vəfat edən atasının da cənazəsi Qobustan rayonunda torpağa tapşırılıb. Vadim 25 illik qısa bir ömür yaşadı. Lakin elə bir şanlı ömür ki, unudulmaz qəhrəmanlığı, şücaəti ilə əbədiyyətə qovuşdu, əsl Vətən oğlunun çətin məqamlarda edə biləcəyi son borcunu şərəflə yerinə yetirdi. O, igidliyi, qəhrəmanlığı ilə Vətənə layiqli oğul oldu, qəhrəmanlığı ilə hər kəsin başını uca etdi.

       M.MİRZƏ,

       "Respublika".