Lerik rayonunun Vov kəndində yurd salan Hüseynovların el-obada böyük hörməti vardır. Əzəldən bu ocağın od götürüb, qeyrət içiləsi ərənləri olubdur. 1994-cü il 15 noyabrda dünyaya gəlmiş Samir Hüseynov da ailə ənənəsinə sadiq boy atır. Haqqa tapınmaq, halallıq, qurub-yaratmaq eşqi getdiyi yolda onu izləyir. Cəmiyyətdən ötrü xeyirli, işıqlı bir şəxs olaraq müstəqil həyata qədəm qoyur. 2013-cü ildə Milli Ordu sıralarına yola düşəndə artıq haqqın-ədalətin tərəfdarı olaraq, gördüyü nəcib işlər hesabına el-oba arasında özünəməxsus nüfuz qazanmışdı. Yaşına uyuşmayan kamilliyi, bütövlüyü, yurd məhəbbəti Vətənə ləyaqətli xidmətdə də özünü göstərir, müqəddəs iş sayır...
Bütün həyatı Vətən sevgisinə köklənən Samir xidmətdən sonra bir müddət halal zəhmətdən yapışır. Ötüb keçən hər gün ömrünə yaddaqalan işlərlə iz salır. Amma dığaların xəyanətkar, təcavüzkar mövqeyi, Qarabağda baş verən qanlı hadisələr həmişə onu ciddi düşündürür, narahat edir. Odur ki, onlara qarşı mübarizə aparmaq üçün 2016-cı ildə könüllü hərbi xidmətə gedir. Vətən müharibəsində Xüsusi Təyinatlı Kəşfiyyatçısı kimi döyüş meydanına girir. Samir döyüşdən-döyüşə atıldıqca sanki ona yeni bir güc, yeni bir qüvvə verilir. Odun-alovun içində düşmənə meydan oxuyur. Zəngilanda, Füzulidə, Qubadlıda, Xocavənddə, Cəbrayılda, Şuşada ağır müharibə meydanında intiqam hissi ilə vuruşur. Şanlı zəfərimizə 13-14 saat qalmış şəhidlik zirvəsinə ucalır. Və bu şərəfli ölüm Samirə əbədi bir həyat qazandırır. Samir Əlizadə oğlu Hüseynov ölümündən sonra “Vətən uğrunda”, Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.
Azərbaycan var olduqca, Samir kimi igid Vətən övladlarının adı ləyaqət, sədaqət, etibar rəmzi olaraq el-obaya başıucalıq gətirəcək.
Zəfər ORUCOĞLU.