Ötən ay dövlət sərhədini pozduqlarına görə 27 nəfər saxlanılıb
Digər xəbərlər

Ötən ay dövlət sərhədini pozduqlarına görə 27 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2022-ci ilin iyul ayında dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması, qaçaqmalçılıq, qeyri-leqal miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, ay ərzində dövlət sərhədini pozduqlarına görə 27 nəfər saxlanılıb, onlardan 21 nəfəri Azərbaycan, 2-si İran, 1-i İraq, 1-i Özbəkistan, 2-si Pakistan vətəndaşları olublar.

Qanunsuz miqrasiya ilə mübarizə fəaliyyətləri çərçivəsində 19 halda 19 nəfər saxtalaşdırılmış pasport, şengen vizaları və tarix möhürləri ilə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıblar.

Sərhəd rejim qaydalarını pozduqlarına görə 531 halda 580 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 239 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Ölkədən çıxışı qadağan olan 516 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 15 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 145 kiloqram 455 qram narkotik vasitəyə oxşar maddə və 16197 ədəd psixotrop həb qanunsuz dövriyyədən çıxarılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 2 milyon 440 min 591 manat olan qaçaqmal, o cümlədən 2 ədəd tapança, 1 ədəd 16 millimetr çaplı ov tüfəngi, 1 ədəd gecəgörmə cihazı, 5 ədəd patron, 1 ədəd xəncər, tütün məmulatları və qızıl zinət əşyaları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

AZƏRTAC