MÜNXENİN TƏHLÜKƏSİZLİK GÜNDƏLİYİNDƏ CƏNUBİ QAFQAZ
Siyasət

MÜNXENİN TƏHLÜKƏSİZLİK GÜNDƏLİYİNDƏ CƏNUBİ QAFQAZ

Cənubi Qafqaz kifayət qədər önəmli geostrateji əhəmiyyətə malik regiondur. Azərbaycan Respublikası isə bu regionun əsas güc mərkəzidir. Xüsusilə də Türkiyə, Rusiya və İran kimi beynəlxalq münasibətlər sisteminin önəmli aktorları ilə həmsərhəd olduğunu nəzərə aldıqda, Azərbaycanın coğrafi yerləşməsinin regional təhlükəsizliyin təmin olunması üçün nə qədər mühüm məqamları özündə ehtiva etdiyini aydın şəkildə təsvir etmək mümkündür.

Bu nöqteyi-nəzərdən Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada sülh və sabitliyin təminatçısı olduğunu desək yanılmarıq. Amma sülh çağırışları birtərəfli olduqda təbii olaraq hərbi qarşıdurmalar da qaçılmazdır. Necə ki, İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə həyata keçirilən antiterror əməliyyatları bunu əyani şəkildə sübut edir. Ədaləti bərpa etmək və davamlı sülhə nail olmaq üçün 44 gün davam edən müharibə nəticəsində Azərbaycan ordusu öz torpaqlarını işğaldan azad etdi. Beləliklə də Azərbaycan yalnız ədaləti bərpa etmiş olmadı, eyni zamanda region dövlətləri arasında kommunikasiyaların genişləndirilməsi və inteqrasiyanın sürətləndirilməsi üçün yeni imkanlar da yaratdı. Ancaq təəssüflər olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi bu imkanlardan istifadə edilməsini gecikdirir.

Ötən iki il ərzində aparılan danışıqlar onu göstərdi ki, kapitulyasiya aktını imzalamış məğlub Ermənistanın xəyallara əsaslanan ənənəvi işğalçılıq ideologiyasında heç nə dəyişməyib. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı keçirilən plenar iclasda Ermənistanın baş naziri Nikol Paşinyanın məntiqsiz və heç bir tarixi-hüquqi əsası olmayan çıxışları da bunu sübut etdi. Belə ki, imzaladığı kapitulyasiya aktının müddəalarından bixəbər obrazı yaratmaqla öhdəliklərin icrasından yayına biləcəyini zənn edir. Monoetnik bir dövlət olan işğalçı Ermənistan nə vaxtdan dinlər və mədəniyyətlərarası dialoqun mərkəzi olan Azərbaycanı regionda qeyri-tolerant mühit formalaşdırmaqda ittiham edə bilir?! Yaxud məğlubiyyətin ağır nəticələrini qəbul etməkdən yayınan Ermənistan tərəfi "kapitulyasiya" sözünün reallığı əks etdirən ən doğru ifadə olduğunu nə vaxta qədər inkar edəcək?!

Ermənistan baş nazirinin bu irrasional çıxışlarından və xəyali iddialarından asılı olmayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi, ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini aydın şəkildə ifadə edərək, Azərbaycanın regionda sülh və sabitliyin bərqərar olunması üçün bütün platformalarda dialoqu davam etdirmək tərəfdarı olduğunu bir daha bəyan etdi. Ona görə də bu gün qarşı tərəfin bütün yalan informasiyalarına və qeyri-konstruktiv yanaşmalarına baxmayaraq, bu prinsipial mövqeyə sadiq qalan Azərbaycan Respublikası Vaşinqton, Moskva və Brüssel formatı olmaqla üç əsas istiqamətdə, eyni zamanda bir sıra əlavə platformalarda Ermənistanla sülh danışıqlarını davam etdirir. Çünki önəmli olan Cənubi Qafqazda atəş səslərini sonsuza qədər dayandırmaq və davamlı sülhə nail olmaqdır. Cənab Prezidentin ifadə etdiyi kimi, "hər kimsə bu iki ölkənin razılığa gəlməsinə kömək edərsə, çempion medalını da o qazanacaq".

Aytən QURBANOVA,

BDU-nun Beynəlxalq münasibətlər

kafedrasının müəllimi, politoloq.