MDB iştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyasının 56-cı plenar iclası keçirilib
Siyasət

MDB iştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyasının 56-cı plenar iclası keçirilib

Noyabrın 17-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB iştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyasının 56-cı plenar iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən parlamentin sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyinin mühüm təsisatlarından biri olan Parlamentlərarası Assambleyanın son iclasından ötən müddət ərzində parlamentlərarası əməkdaşlığın bütün istiqamətləri üzrə məhsuldar fəaliyyətini davam etdirdiyini, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına töhfə verdiyini vurğulayıb.

S.Qafarova çıxışında Ermənistan tərəfinin yalanlarını ifşa edib, bu ölkənin Azərbaycana qarşı davamlı təxribatlarından, o cümlədən minalar və Qarabağdakı qondarma qurumun qeyri-qanuni fəaliyyətindən danışıb.

Ermənistanın davamlı təxribatlarına cavab olaraq Azərbaycanın bu ilin sentyabrında həyata keçirdiyi antiterror tədbirləri və onun nəticələri barədə məlumat verən parlamentin sədri bütün baş verənlərə baxmayaraq, rəsmi Yerevanın hələ də Azərbaycana qarşı yalan və əsassız ittihamlar əsasında beynəlxalq ictimaiyyəti aldatmaqda davam etdiyini söyləyib.

Sahibə Qafarova, eyni zamanda, hazırda Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı genişmiqyaslı bərpa və quruculuq işlərindən, Böyük Qayıdış Proqramından söz açıb, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşmasında və sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu deyib.

O, həmçinin Assambleya çərçivəsində görülən işlərin ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da genişlənməsində özünəməxsus rol oynadığını bildirib, bunun MDB-yə üzv dövlətlər arasında qarşılıqlı anlaşmanın və mehriban qonşuluğun möhkəmlənməsinə töhfə verdiyini, bu prosesdə fəal iştirak edən Azərbaycan üçün birgə fəaliyyətin böyük önəm daşıdığını deyib.

İclasda, eyni zamanda, 2023-cü ildə Azərbaycanda keçirilən və "Rus dili ili"nə həsr olunan tədbirlər barədə də məlumat verilib.

2025-ci ildə üçüncü MDB Oyunlarının Azərbaycanda keçiriləcəyini xatırladan parlamentin sədri bunun MDB məkanında gələcək əməkdaşlığın və uğurlu qarşılıqlı fəaliyyətin inkişafına növbəti töhfə olacağını vurğulayıb.

Plenar iclasda təşkilata üzv dövlətlərin parlament rəhbərləri, məruzəçilər müxtəlif mövzulara həsr olunmuş çıxışlar ediblər.