Müdrik dövlət xadimi
SİYASƏT

Müdrik dövlət xadimi

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı tədbirlər planı regionlarda icra olunmaqdadır. Fenomen şəxsiyyət, ümummilli lider Heydər Əliyevlə bağlı xoş xatirələri bölüşmək üçün əmək veteranı, "Tərəqqi" medallı Mobil İmanovla həmsöhbət olduq.

O qeyd etdi ki, hər bir insanın həyatında yaddaqalan elə tarixi hadisələr olur ki, illər ötsə də, o tarixi anlar unudulmur, əksinə, o anları xatırlayanda qürur hissi keçirirsən. Mənim də həyatımda əbədiyaşar ümummilli lider Heydər Əliyevlə bağlı xoş xatirələr var. Xalça-Mahud Kombinatında usta köməkçisi işləyirdim. Əmək qabaqcılı və Mərkəzi Komitənin üzvü kimi mən də 1969-cu ilin avqust plenumunda iştirak edirdim. Ulu öndər Heydər Əliyev hakimiyyətə yenicə gəlmişdi. Plenumdakı çıxışı onun geniş kütlə qarşısında ilk nitqi idi. Respublika tədbirlərində az-çox iştirak etmişdim. Lakin Heydər Əliyevin dərinməzmunlu, geniş təhlilli, kəskin iradlı nitqindəki dəqiqliyi, ölkənin taleyinə canıyananlığı heç vaxt heç yerdə görməmişdim. Sosial-iqtisadi həyatın, inkişafın elə istiqamətlərindən söz açdı, elə faktları, məsələləri vurğuladı ki, hamımız heyran qalmışdıq... İnsanların qəlbinə ümid, gözünə işıq gəldi. Hamı əmin oldu ki, Azərbaycan nəhayət ki, öz səriştəli rəhbərini tapıb. Heydər Əliyevin dərinməzmunlu çıxışını dinlədikcə doğma Gəncəmizi gözümün önünə gətirirdim. Yeni rəhbərin bu dəyərli tələblərinə uyğun olaraq bizim şəhərdə də çox işin yenidən başlanması vacib idi. Aradan çox keçmədi ki, Heydər Əliyev Gəncəyə gəldi. Bu, 1972-ci ilin aprel ayında oldu. Yerlərdə işlərin gedişi ilə maraqlandı, mütəxəssislərlə, ağsaqqallarla görüşdü. Sonra ümumşəhər toplantısı keçirildi. Mövcud vəziyyət ətraflı təhlil olundu. İllər boyu yaranmış qüsurların, iqtisadi-sosial həyatda kök salmış durğunluğun aradan qaldırılması yolları göstərildi. Hər sahədə və hər kəsdə əmək fəallığının yüksəldilməsi üçün konkret tövsiyə və tapşırıqlar verildi.

Bu tarixi səfərdən sonra qədim diyarın yeni həyatı, əsl yüksəliş, tərəqqi dövrü başladı. Şəhərin hər yerində neçə-neçə sənaye obyektlərinin təməli qoyuldu. Körpülər, bağlar, parklar salındı, yeni elm, təhsil, səhiyyə, mədəniyyət ocaqları istifadəyə verildi. Çini qablar zavodunun, Qənnadı fabrikinin, Taxıl məhsulları, Xalça, Ət və Süd kombinatlarının, Əlvan Metalların Emalı Zavodunun inşası bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. "Gəncə" mehmanxanası, Yeni Gəncə və Gülüstan yaşayış massivi, Avtomobilçilər qəsəbəsi və neçə-neçə digər xeyirxah işlər məhz o illərin yadigarıdır. Ümummilli lider ictimaiyyət nümayəndələri ilə görüşlərindən birində demişdir: "Gəncəni sənaye şəhəri etmək, Gəncəni daha böyük etmək, Gəncə sakinlərinin həyat tərzini yaxşılaşdırmaq həmişə Azərbaycan rəhbərliyinin diqqət mərkəzində olmuşdur".

Ulu öndərin hər kəsi səbirlə dinləməsi, hər bir yeniliyə geniş yol açması, qaldırılan məsələyə dəstək verməsinə valeh olmuşduq. Mərkəzi Komitənin növbəti plenumunda çıxış üçün mənə söz verildi. Ümumi məsələlərdən danışandan sonra Xalça-Mahud Kombinatının nailiyyətlərindən söz açdım. Artıq müəssisəmiz bütün respublika və ümumittifaq miqyasında tanınırdı. Layihə gücündən 2,1 dəfə çox məhsul istehsal olunurdu. Bütün bunlara baxmayaraq, qayğılar da yox deyildi. Həmin vaxt mən Sverdlovsk vilayətindən ezamiyyətdən gəlmişdim. Orada işlər çox gözəl qurulmuşdu. Xammalı özləri istehsal edirdilər. Bizim əyirici seximiz isə sutka ərzində vur-tut 12 ton iplik verirdi. İpliyin çoxunu başqa şəhərlərdən alırdıq. Onlar da vaxtlı-vaxtında çatdırmırdılar, gecikdirirdilər. İplik istehsalının azı iki dəfə artırılması vacib idi. Təklif etdim ki, kombinatımızda ikinci əyirici sexinin tikilməsi vacibdir. Heydər Əliyev o dəqiqə öz fikrini bildirdi: "Ağıllı təklifdir, gərək bu iş nizama salınsın". Qısa bir vaxtda kombinatımızda əyirici sexi inşa edildi. Açılışa ulu öndər Heydər Əliyev də gəlmişdi. Bununla əlaqədar toxucuların mədəniyyət sarayında ümumşəhər toplantısı keçirilirdi. İclasın aparılması o vaxtın qayda-qanununa uyğun olaraq əmək qabaqcılı kimi mənə həvalə olunmuşdu. Çıxışlar rus dilində gedirdi. Heydər Əliyev iclasın proqramını götürüb vərəqləməyə başladı. Sonra da mənə sarı dönərək astaca: "Davam elə, sən sərbəst olanda daha yaxşı danışırsan" - dedi. Ürəkləndim, toplantı yüksək səviyyədə keçdi. Əyirici sexin vaxtından əvvəl işə salınmasında fəal iştirakıma və illik tapşırıqları bir qayda olaraq ikiqat artıqlaması ilə yerinə yetirdiyimə görə məni "Sosialist Əməyi Qəhrəmanı" adına təqdim etmişdilər. Həmin günlərdə Moskvadan balacaboy bir erməni gəldi. O vaxtlar Gəncədə üçüncü katib - Xocayan adlı bir erməni idi. Nə danışdılar, bilmədim. Təltif olunanların siyahısı gələndə mənim adım çıxmadı. "Sosialist Əməyi Qəhrəmanı" adı Xankəndidə bir erməni toxucusuna verildi. Heydər Əliyev bunu biləndə təqsiri olanları ciddi tənbeh etdi. O zaman kombinatımız ümumittifaq və respublika yarışlarının qalibi kimi otuzdan çox keçici qırmızı bayraq, vımpel, diplom almışdı. Bayraqlardan birini təqdim etmək üçün 1976-cı ildə ümummilli lider Heydər Əliyevin özü Gəncəyə gəlmişdi. İş elə gətirdi ki, keçici bayraq kombinatın adlı-sanlı işçiləri sırasında Mərkəzi Komitənin üzvü kimi öndə dayanan mənə təqdim edildi. Heydər Əliyev sonra obyektdə işlərin gedişi ilə maraqlandı. Sıra ilə düzülmüş toxucu dəzgahlarına baxa-baxa mənim xidmət etdiyim sahəyə gəldi. Normaya görə beş dəzgaha xidmət etməli idim. Mən isə xidmət zonasını əvvəl altıya, sonra yeddiyə çatdırmışdım. Biləndə ki, mən bir qayda olaraq həmişə planı ikiqat artıqlaması ilə yerinə yetirirəm, Heydər Əliyev soruşdu ki, necə, hansı yolla? Söylədim: "Yoldaş Əliyev, dəzgahların sayını artırmaqla və onlara əla xidmət etməklə". Xəbər aldı: "Bəs keyfiyyəti necədir?" Məndən əvvəl cavab verdilər ki, kombinatın ən şöhrətli məhsulları - "Gəncə", "Güllü", "Şirvan", "Təbriz", "Kaşan", "Qarabağ" xalçaları əsasən Mobil İmanovun xidmət elədiyi sahədə toxunur.

Ulu öndər Heydər Əliyev xalçanın birini çevirərək ilmələrinə baxdı. Hiss etdim ki, razı qaldı. Sonra müəssisənin rəhbərinə üzünü tutaraq: "Ustanın təşəbbüsü təqdirəlayiqdir, gərək bunu geniş yayaq" - dedi. Bir azdan istehsal qurğularının səmərəsini yüksəltmək və buraxılan məhsulun keyfiyyətini yaxşılaşdırmaq sahəsində Xalça-Mahud Kombinatının iş təcrübəsinin yayılması barədə Mərkəzi Komitənin qərarı çıxdı. Bu mühüm qərarın icrası ilə əlaqədar olaraq kombinatın texniki bazası kökündən dəyişdirildi. Köhnə "Teksima" dəzgahı modernləşdirildi. Yarımyun ipliyi istehsalı nizama salındı. Qısa bir vaxt ərzində 55 iri dəzgah quraşdırıldı. Digər tədbirlər görüldü. O vaxtdan bəri kombinat hər il azı iki milyon kvadratmetr xalça istehsal etdi.

Xalçaların böyük əksəriyyəti keyfiyyət nişanı ilə buraxılırdı. Mənim başçılıq etdiyim kollektiv o il ümumittifaq yarışının qalibi oldu və mən "Qırmızı Əmək Bayrağı" ordeninə layiq görüldüm. Mənim üçün çox əziz olan bu mükafatı ulu öndər Heydər Əliyev sinəmə taxdı.

Sonralar, 1990-cı illərin burulğanında da Heydər Əliyev həmişə Gəncənin, gəncəlilərin yanında oldu. O narahat, nigaran günlərdə xalqın təkidli tələbi ilə hakimiyyətə dəvət olundu. Ulu öndər Heydər Əliyev əvvəlcə Gəncəyə gəldi. Top-tüfəng atəşi altında heç nəyə məhəl qoymadan bilavasitə hadisə yerinə getdi. Vəziyyətlə tanış oldu. Şəhər sakinləri ilə, hərbi qulluqçularla görüşüb hər şeyi yerli-yataqlı öyrənəndən sonra Milli Məclisin növbəti iclasında Gəncə hadisələri barədə öz qəti sözünü dedi.

Ulu öndərin qətiyyətli mövqeyinə uyğun olaraq torpaqlarımızın müdafiəsi üçün mən də əlimdən gələni etməyə çalışırdım. 1993-cü il iyul ayının 19-da aldığım bir məktub mənim üçün çox qiymətlidir.

"Hörmətli Mobil bəy!

Azərbaycan Respublikası Ali Soveti Sədrinə göndərdiyiniz məktubun məzmunu ilə H.Əliyev cənabları tanış oldu. Vətənimizin ağır günündə onu müdafiə etdiyinizə, ünvanına xoş sözlər söylədiyinizə görə Sizə minnətdarlığını çatdırmağı xahiş etdi. Eyni zamanda bildirdi ki, respublikamızın ərazi bütövlüyünün qorunması, əmin-amanlığın bərpası, qəddar düşmənin torpağımızdan qovulması yolunda əlindən gələni əsirgəməyəcəkdir".

Xalqın ümummilli liderinin ömür yolunu xatırladıqca, Nəsirəddin Tusinin bir müdrik sözü yada düşür: "Ən yaxşı rəhbər odur ki, ölkədəki bütün insanlar ona inansın, onun ardınca getsin, onun tədbirlərinə şərik olsun, onu özünə ata saysın və nəhayət, ona sitayiş etsin, çünki ölkənin möhkəmliyi rəhbərə, rəhbərin möhkəmliyi siyasətə, siyasətin möhkəmliyi hökumətə bağlıdır".

Bəli, türk dünyasının fenomeni, əbədiyaşar Heydər Əliyev bax belə müdrik dövlət başçısı idi!

Zabit XƏLİLOV,

"Respublika".