Məhəmməd Həsənov
Sosial həyat

Məhəmməd Həsənov

Tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Müstəqilliyimizin ilk illərində canlarını Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. Birinci Qarabağ müharibəsində Vətənin müdafiəsinə qalxan igidlərimizdən biri də Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovdur.

9 avqust 1959-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində anadan olmuşdur. 1966-cı ildə rayonun 3 saylı orta məktəbinə getmiş, 1976-cı ildə təhsilini başa vurmuşdur. 1977-ci ildə hərbi xidmətə çağırılmışdır. 1979-cu ildə Murmanskda hərbi xidmətini başa çatdırdıqdan sonra Ukraynanın Kiyev şəhərinə gəlir. Məhəmməd 1980-ci ildə Kiyev Radioelektronika Texnikumuna daxil olur. 1984-cü ildə texnikumu bitirir və buradakı "Kommunist" zavodunda əmək fəaliyyətinə başlayır. 1987-ci ildə Vətənə qayıdır və vaxtilə oxuduğu 3 saylı orta məktəbə ibtidai hərbi hazırlıq müəllimi təyin edilir. O, daim öz üzərində çalışır, təhsilini davam etdirmək barədə düşünürdü. Elə bu məqsədlə 1989-cu ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olur.

Soydaşlarımızın doğma ata-baba yurdundan didərgin düşməsi, obalarımızın erməni işğalçıları tərəfindən talan edilib yandırılması Məhəmmədin qəlbini düşmənə qarşı qəzəb hissi ilə alovlandırırdı. 1988-ci ildən başlayaraq Goranboy rayonu da tez-tez erməni təcavüzünə məruz qalırdı. 1991-ci il… Məhəmməd bölük komandiri təyin edilir. Bir qədər sonra 1 saylı ərazi özünümüdafiə batalyonunun komandiri olur.

1991-ci ilin dekabrın 9-u. Goranboyun Todan kəndi qəflətən erməni yaraqlılarının əlinə keçir. Bu hadisə bütün goranboyluları qəzəbləndirir. Məhəmməd 33 döyüşçü götürüb ayrı-ayrı hissələrə bölünərək Todan kəndini işğaldan azad etmək üçün hücuma keçirlər. Onlarla yaraqlı məhv edilir. Ermənilər bu döyüşdə pərən-pərənə düşərək geri çəkilməyə məcbur olurlar. Todan kəndi mərdliklə geri alınır. Ondan sonra Məhəmmədin döyüş yolu Mənəşli, Erkəc, Rus Borisi, Erməni Borisi, Qaraçinar, Talış kəndlərindən keçir. Getdikcə mətinləşən batalyon bir-birinin ardınca uğurlar qazanır.

Goranboyun Todan kəndi ötən əsrin 90-cı illərinin əvvəllərində ağır döyüşlərə şahidlik edib. 2 istiqamətdən erməni kəndləri ilə qonşu olan Todan torpaqlarımızın müdafiəsində 14 şəhid verib. Birinci Qarabağ müharibəsində qazanılmış uğurlarda, bir qisim torpaqlarımızın azad edilməsində əyilməz, qəhrəman Todanın xüsusi payı vardır. Todan kəndi strateji əhəmiyyətə malik idi.

Ermənilər tərəfindən ara verilmədən atəşə tutulan kənddə böyükdən tutmuş kiçiyə qədər hamı narahat anlar yaşayırdı. …Səhərin gözü yenicə açılmışdı. Dağlar, dərələr ağ örpəyə bürünmüşdü. Təbiət də bu yerlərin adamlarının taleyinə sanki acıyırdı. Qarşıda isə top-tüfəngli, təpədən-dırnağa qədər silahlanmış erməni-rus birləşmələrinin həmləsi gözlənilirdi. Çoxu Todanı tərk etmişdi. Yalnız Vətən torpağını öz çanlarından artıq sevən igidlər qalmışdı. Ermənilərin Erkəcdən və Mələşdən atdıqları atəş səsi arabir səhərin sakitliyini pozurdu. Todanlılar və köməyə gələnlər də cavab atəşi açıb, kəndə edilən həmlənin qarşısını almağa çalışırdılar.

14 iyun 1992-ci il… Keçmiş Şaumyan rayonu ərazisinin erməni faşistlərindən təmizlənməsində Məhəmməd Həsənovun batalyonu böyük rəşadət göstərir. Ağdərə bölgəsinin geri alınmasında da bu batalyonun xidmətləri qürur doğurur.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə Həsənov Məhəmməd Ələsgər oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Döyüşlərdə böyük şücaət göstərən cəsur komandir 8 sentyabr 1992-ci ildə batalyon ləğv edildikdən sonra xidmətini "N" saylı hərbi hissədə davam etdirmişdir, 1993-cü ildə Bakı Ali Komandirlər Məktəbini bitirmiş, 1994-2000-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında baş müəllim vəzifəsində işləmişdir. O, polkovnik-leytenant rütbəsinə kimi yüksəlmişdir.

2002-ci ildə Goranboy rayonunun Veysli kənd, sonra isə Goranboy şəhər 3 saylı orta məktəbinin direktoru vəzifəsində çalışmışdır. Milli Qəhrəman Məhəmməd Həsənov qələbə sevincini yaşasa da 2020-ci il noyabr ayının 9-da yaşadığı Goranboy rayonu ərazisində ağır qəzaya düşmüş və noyabrın 18-də vəfat etmişdir.

M.MİRZƏ,

"Respublika".