Leyla Abdullayeva: RİA Novosti agentliyinin bu addımı Rusiyanın postmünaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır
MÜSAHİBƏLƏR

Leyla Abdullayeva: RİA Novosti agentliyinin bu addımı Rusiyanın postmünaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanın Rusiyanın RİA Novosti agentliyinə müsahibəsinin şərh edilməsi ilə bağlı KİV-in sualını cavablandırıb.

AZƏRTAC xəbər verir ki, Leyla Abdullayeva Rusiyanın dövlət informasiya agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatları yaymasının Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmədiyini bildirib və bunun ciddi təəssüf doğurduğunu vurğulayıb.

Bildirilib ki, dövlət informasiya agentliyinin bu addımı, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin "BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək", habelə "separatçılıq təhdidlərinə qarşı mübarizə" müddəaları ilə ziddiyyət təşkil edir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi qeyd edib ki, RİA Novosti agentliyi tərəfindən bu təxribatçı açıqlamaların tirajlanması, həmçinin Rusiya Federasiyasının postmünaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır.

AZƏRTAC