İstiqlal şairi Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş tədbir
Elm və təhsil

İstiqlal şairi Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş tədbir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycanın istiqlal şairi, həyatını bütünlüklə millətinin hürr və azad yaşaması uğrunda mübarizəyə həsr etmiş Əhməd Cavadın 130 illik yubileyi çərçivəsində təntənəli tədbir keçirilib. Şairin şah əsəri olan Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri universitetin Humanitar fənlər kafedrasının müdiri, professor Camal Mustafayev açaraq Əhməd Cavadın yaşadığı dövrdə mövcud ictimai-siyasi prosesləri şərh edib, sovet rejiminin, Stalin repressiyasının xalqımızın tarixinə vurduğu zərbələrdən, yüzlərlə insanın, o cümlədən Əhməd Cavadın taleyinə yazılan faciələrdən danışıb. O, qeyd edib ki, sovet rejiminin "xalq düşməni" damğası vurduğu Əhməd Cavad Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən və buna görə də canını fəda edən unudulmaz böyük şair, tanınmış maarifçi və ictimai xadimdir.

Daha sonra f.ü.f.d. Vəfa Abbasova "Əhməd Cavad şəxsiyyəti" və f.ü.f.d., dosent Ruslan Məmmədov "Əhməd Cavad və Türkiyə ədəbi mühiti" mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra ikinci hissədə universitet tələbələrinin hazırladığı "Şahid və Şəhid şair" adlı bədii-sənədli tamaşa təqdim olunub.

Yubiley mərasimini yekun nitqi ilə tamamlayan ADNSU-nun rektoru, professor Mustafa Babanlı qeyd edib ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalan unudulmaz şəxsiyyətdir. Belə bir şəxsiyyət haqqında universitetin əməkdaşları və tələbələri tərəfindən təmtəraqlı gecənin təşkil edilməsini yüksək qiymətləndirən rektor çıxışında tamaşanın ssenaristi Vəfa Abbasovaya, təşkilatçısı Sürəyya Nağıyevaya, Tələbə Həmkarlar İttifaqına və əməyi keçən bütün əməkdaşlara təşəkkürünü bildirib.

Mehparə ƏLİYEVA,

"Respublika".