İnsanlar “Nurnaftalan
Region

İnsanlar “Nurnaftalan" sanatoriyasında şəfa tapır

Azərbaycanın dünya əhəmiyyətli unikal müalicə ocaqlarının sayı yetərincədir. Çox illər öncə uzaq ellərdən insanlar ölkəmizin min bir dərdin dərmanı olan loğman təbiətli məkanlarına səfər etmiş, haqlı olaraq ölkəmizi dünyanın zəngin bir diyar olduğunu vurğulamışlar. "Naftalan" sanatoriyasının şöhrəti isə bütün dünyaya yayılmışdır. Avropadan, Orta Asiyadan, Rusiya Federasiyasından, Kanadadan, İsraildən, Pribaltika ölkələrindən Naftalanın sorağı ilə Azərbaycana üz tutanların sayı durmadan artır, Naftalan neftinin müalicəvi əhəmiyyəti dillərdə gəzir.

Son illərdə Naftalanın görkəmi tam dəyişmiş, müalicə ocaqları demək olar ki, dünya standartları səviyyəsində qurulmuşdur. İnsanların sağlamlığının qorunub saxlanılması üçün 2022-ci ilin aprel ayında Naftalan şəhərinin mərkəzində, "Sehrli Naftalan" sanatoriyası ilə üzbəüz müasir tipli, üçmərtəbəli, ikikorpuslu, "Nurnaftalan" sanatoriyası istifadəyə verilmişdir. Burada müalicə, insanlara xidmət yüksək səviyyədə təşkil olunmuşdur.

Biz sanatoriyanın füsunkar bir guşəsində müalicə ocağının direktoru Nazim Mustafayevlə söhbət etdik. İlk öncə o, Naftalanın tarixinə nəzər saldı. Bildirdi ki, bir vaxtlar Naftalan nefti karvanlar vasitəsilə Kiyevə, Rusiyaya, Mərkəzi Asiyaya, Əfqanıstan, Hindistan və İran körfəzi ölkələrinə aparılırdı. Hətta dahi Azərbaycan şairi Nizami Gəncəvinin poemalarında "Dağ yağı" adlanan Naftalan neftinin dəvə karvanları ilə ölkələrə aparılması haqda məlumatlar da vardır. Orta əsrlərin səyyahı Marko Polonun əsərlərində dəri xəstəliklərinə kömək edən "sehrli maz" haqqında da söhbət açılıb. 1887-ci ildə alman mühəndisi Yeger indiki Naftalan ərazisində torpaq sahələri alır, burada xüsusi bina tikdirərək ilk dəfə pullu Naftalan vannası təşkil edir və Naftalan mazının istehsalına başlayır. 1894-cü ildə Azərbaycanda Naftalan-terapiya haqqında mətbuatda yazılar dərc edilmişdi. Rus-yapon müharibəsi dövründə yapon əsgərlərinin tibbi yardım çantasında Naftalan məlhəmi olan kiçik qablar olmuşdur. Qabların üzərində qısa və ümidverici bir yazı "Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın" yazılmışdır. Naftalan nefti haqqında 2700 elmi əsər yazılmış, 270 doktorluq və namizədlik dissertasiyası müdafiə olunmuşdur.

1929-cu ildən başlayaraq Naftalan yatağı ərazisində ixtisaslaşdırılmış Naftalan kurortu fəaliyyətə başlamışdır. Burada SSRİ-nin bütün guşələrindən dayaq hərəkət aparatı xəstəliklərindən, nevroloji, dəri, ginekoloji, uroloji xəstəliklərdən əziyyət çəkən insanlar müalicə olunurdular.

Adı dillərdə dastana çevrilən, min bir dərdə dərman olan Naftalan kurortu Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncə şəhərindən 50 kilometr məsafədə ekoloji təmiz bir məkanda yerləşir.

"Nurnaftalan" sanatoriyasının baş həkimi İntizar Bəxşəliyev isə söhbətimizi davam etdirərək bildirdi ki, hər ay sanatoriyaya 350-400 nəfər insan müalicəyə gəlir. Naftalan nefti dəridən hoparaq kapilyar qan axınına təsir göstərir, kiçik damarlarda qan dövranını genişləndirir, qanın laxtalanmasını azaldır, fermentativ proseslərin aktivliyini yüksəldir, orqanizmin bütün funksiyalarını stimullaşdırır və mikroblara qarşı güclü təsir qüvvəsinə malikdir. Prezident cənab İlham Əliyevin göstərişi ilə həyata keçirilən Dövlət proqramları sayəsində Naftalan şəhəri turizm sektorunda ön sıralara yüksəlib. Şəhər iqtisadiyyatının əsasını sanatoriya-kurort infrastrukturu təşkil edir.

Naftalan nefti şirəyəbənzər konstruksiyalı qara-qonur rəngli özünəməxsus ətirli qara kütlədir. Tərkibini 50-55 faiz neft karbohidrogenləri, 10-15 faiz aromatik karbohidrogenlər, 10-12 faiz mikroelementlər (bor, yod, brom, sink, litium və s.), 14-15 faiz qətran maddələr, 0,5-3 faiz naften turşuları  təşkil edir.

Naftalanın tərkibində əsas təsiredici maddə naften karbohidrogenləridir.  Maddələr orqanizmdə olan bioloji aktiv maddələrin əsasını təşkil edir.

Naftalan vannaları selsi üzrə 37-38 dərəcə temperaturda qəbul edilir. Müalicə kursu həftəyə 5 vanna, 2 həftəyə 9-10 vannadan ibarətdir. Naftalan vannasının yüksək temperaturu dəri reseptorlarını qıcıqlandırır, neftin karbohidrogenləri dəriyə nüfuz edir. Dəridən qana nüfuz edərək Naftalan karbohidrogenləri ilə birləşir və qanda sirkulyasiya edilərək hüceyrə və toxuma səviyyəsində müalicəyə təsir göstərir.

Bir neçə ay əvvəl istifadəyə verilən "Nurnaftalan" sanatoriyasında xəstələr gün ərzində 3 dəfə keyfiyyətli yeməklə təmin olunur, qida rejiminə ciddi riayət edilir. Vaxtaşırı konsertlər, gəzintilər təşkil olunur.

Sanatoriyaya Ukrayna, Orta Asiya, İran və digər ölkələrdən müalicəyə gəlmiş qonaqlarla da tanış olduq. İlk müsahibimiz Tatyana Tumaşenka Ukraynanın Çerniqov vilayətindən gəlmişdi. O, ürək sözlərini belə ifadə etdi:

- Naftalana milliyyətcə azərbaycanlı olan həyat yoldaşım və oğlum Ruslanla gəlmişəm. Belə bir şəraitin yaradılmasına görə dərin minnətdarlığımızı bildiririk. Müalicəmizə, Naftalana söz ola bilməz. 

Anara İentırbayeva (Qazaxıstanın Nursultan şəhərindən iş adamı):

- Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsi, Qarabağ torpağının işğaldan azad edilməsi məndə xoş ovqat yaratdı, bu il müalicə üçün qardaş Azərbaycanı, sehrli Naftalanı seçdim. Ümidvaram ki, oynaq ağrılarıma Naftalan nefti son qoyacaq, ağrılarımla vidalaşacağam. 

Gözəl Tursunova (Özbəkistanın Daşkənd şəhər sakini):

- Uzun illər idi ki, oynaq xəstəliyindən əziyyət çəkirdim. İnternet vasitəsilə öyrəndim ki, Naftalan kurortuna getmək daha məqsədəuyğundur. Artıq bir neçə gündür ki, Naftalanın yeni istifadəyə verilən sanatoriyasındayam. Sevinirəm ki, türk xalqları bir-birinə doğma və qardaşdırlar. Bunu qısa müddətdə hiss etdim. Onu da deyim ki, Azərbaycan milli mahnıları məndə xoş ovqat yaradır. Növbəti illərdə də mütləq Naftalan sanatoriyasına gələcəyəm.

Biz "Nurnaftalan" sanatoriyasında Qobustan rayonundan olan müəllim Aygün Eyvazova, Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Almaz Heydərova, polkovnik Qaçay Aslanov, Bakı Slavyan Universitetinin müəllimi, pedaqogika elmləri üzrə fəlsəfə doktoru Sevil Hümmətova və başqaları ilə söhbət edərkən onlar da sanatoriyanın xidmətindən razılıqla danışdılar.

Sağlamlığınızı qorumaq, xüsusilə oynaq və dayaq hərəkət sistemində dəri xəstəliklərinə əlvida demək istəyirsinizsə "qara qızıl" çeşməsi Naftalana üz tutun, ömrünüzə ömür calayın...

Qədir ASLAN,

"Respublika".