İdmançılarımızın Tokio Yay Olimpiya Oyunlarında qazandıqları uğurlar dövlət qayğısının təzahürüdür
İdman

İdmançılarımızın Tokio Yay Olimpiya Oyunlarında qazandıqları uğurlar dövlət qayğısının təzahürüdür

“İdman Azərbaycanda dövlət siyasətidir. Bildiyimiz kimi, idmançılarımız bizi beynəlxalq yarışlarda layiqincə təmsil edirlər, dünya, Avropa, Olimpiya çempionlarımız var. İndi demək olar ki, bütün mötəbər beynəlxalq yarışlarda Azərbaycanın bayrağı dalğalanır”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti,

Milli Olimpiya Komitəsinin Prezidenti.

Tokio Yay Olimpiya Oyunları xalqımızın yaddaşında xoş iz buraxan böyük idman yarışlarından oldu. Beləcə, 2021-ci ilin idman təqvimi gözləniləndən daha zəngin, həyəcanlı keçərək ən çox izlənilən idman yarışlarını bir araya toplaya bildi.

Qeyd edək ki, koronavirus pandemiyasına görə bir il təxirə salınan və bu il iyulun 23-də açılışı olan “2020-ci il Yay Olimpiya Oyunları” Yaponiyanın 42 yarış məkanında baş tutdu. Tokio-2020 Yay Olimpiya Oyunları zamanı rekord sayda - 33 yarış və 339 tədbir keçirilərək avqustun 8-nə kimi davam etmişdir. Burada Azərbaycan milli komandası 44 idmançı ilə iştirak edirdi.

Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 3-ü gümüş və 4-ü bürünc olmaqla ümumilikdə 7 medal qazanaraq çıxışlarını başa vurub. Bunlardan karateçilər İrina Zaretska (+61 kq) və Rafael Ağayev (75 kq), sərbəst güləşçi Hacı Əliyev (65 kq) Azərbaycan Olimpiya yığmasına 3 gümüş medal qazandırıblar.

Qadın güləşçi Mariya Stadnik (50 kq), Yunan-Roma üslubu üzrə güləşçi Rafiq Hüseynov (77 kq), boksçu Alfonso Dominquez (81 kq) və cüdoçu İrina Kindzerska (+78 kq) bürünc medalların sahibi olublar.

Azərbaycanda idmanın inkişafına xüsusi önəm verən Prezident cənab İlham Əliyev hər dəfə olduğu kimi, bu dəfə də idmançılarımızın əməyini yüksək dəyərləndirərək Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, XXXII Yay Olimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə ikinci yeri tutan hər bir idmançıya  200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat, üçüncü yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat mükafat veriləcək.

Eyni zamanda bunun davamı olaraq Yaponiyada keçirilən “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında uğurla çıxış edən Paralimpiya komandamızın müvəffəqiyyətlərini xüsusi qeyd etməliyik. Paralimpiadada 19  medal - 14 qızıl, 1 gümüş və 4 bürünc qazanan  Azərbaycan komandası ümumi sıralamada onuncu pillədə qərarlaşıb. Millimizin heyətində paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medallara sahib olublar.

Raman Salei Tokio Paralimpiadasında üç qızıl medal qazanıb. O, 100 metr məsafəyə arxası üstə, sərbəst və batteriflay üsulu ilə üzmə yarışlarında Paralimpiya çempionu olub. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən  para-atletimiz  Həmid Heydəri qızıl medala sahib olub. Orxan Aslanov uzunluğa tullanma yarışında qızıl, Səid Nəcəfzadə isə bürünc mükafata layiq görülüb.  Elvin Astanov nüvəitələmə yarışında birinci yeri tutub. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışında ikinci, 400 metr məsafəyə qaçışda isə birinci pillədə qərarlaşıb.  Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

163 ölkənin mübarizə apardığı “Tokio-2020” paralimpiya yarışlarında 10-cu yerdə qərarlaşan idmançılarımız idmanın 6 növü üzrə 24-ü kişi və 12-si qadın olmaqla 36 idmançı  ilə təmsil olunub. Yarışlar sentyabrın 5-dək davam edib.

Vurğulamaq lazımdır ki, ölkəmizdə paralimpiya hərəkatı ümummilli lider Heydər Əliyevin əlilliyi olan şəxslərə, onların arasında idmanın geniş yayılmasına yüksək qayğısı və dəstəyi nəticəsində formalaşıb. Onun təşəbbüsü ilə 1996-cı ilin fevral ayında Milli Paralimpiya Komitəsi yaradılıb. Elə həmin il də ölkəmiz ilk dəfə olaraq Atlanta X Yay Paralimpiya Oyunlarında təmsil olunub. Ulu Öndər Paralimpiya Oyunlarına yola düşən idmançılarımızla görüşərək onlara uğurlar arzulayıb. O, 2000-ci ildə Sidney XI Yay Paralimpiya Oyunlarının iştirakçıları ilə görüşündə onları əldə etdikləri uğurlara görə təbrik edib, əlilliyi olan şəxslərin qazandığı idman nailiyyətlərini yüksək dəyərləndirib.

Bu gün Ulu Öndərin layiqli davamçısı olan dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin xüsusi qayğısı, dəstəyi ilə Azərbaycanda  paralimpiya hərəkatının inkişafı üçün genişmiqyaslı və ardıcıl işlər aparılır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2008-ci ildə Sumqayıt şəhərində hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Paralimpiya İdman Kompleksinin açılışı olub. Bu, MDB məkanında beynəlxalq standartlara uyğun ilk idman obyektidir.

Cənab Prezidentin daim paralimpiyaçılarımızı diqqət mərkəzində saxlaması, onlarla tez-tez görüşlər keçirməsi, əlilliyi olan idmançılara həmişə dəstək olması, onların uğurlarının layiqli şəkildə dəyərləndirilməsi ölkəmizdə paralimpiya idman növlərinin sürətli inkişafına şərait yaradıb. Elə bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Tokioda qələbə qazanan idmançılarımızı təbrik etməsi paralimpiyaçılarımıza böyük diqqətin, onların uğurlarının yüksək səviyyədə qiymətləndirilməsinin nümunəsi olmaqla, idmançılarımızı yeni qələbələrə ruhlandırır.

Bununla bərabər, əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsas prioritetlərindən biri də onların, habelə sağlamlıq imkanları məhdud uşaqların idmana, paralimpiya idman növlərinə olan maraqlarının hərtərəfli dəstəklənməsidir. Onların idmana cəlb edilməsi, bu sahədə özlərini inkişaf etdirmələri üçün çoxsaylı layihələr, proqramlar icra edilir.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirilən tədbirlərin mühüm bir istiqaməti də həmin kateqoriyalardan olan şəxslər arasında idmanın təbliğinə, onların idmana aktiv şəkildə cəlb edilməsinə və idman bacarıqlarının inkişafına yönəlib.

Paralimpiya İdman Kompleksi idmançılarımızın yarışlarda uğur qazanması üçün lazımi səviyyədə təlim-məşq prosesi keçməsində mühüm rola malikdir. Bunun üçün bütün maddi-texniki şəraitin yaradıldığı kompleksdə Sosial Xidmətlər Agentliyi ilə Milli Paralimpiya Komitəsi tərəfindən birgə müxtəlif idman növləri üzrə beynəlxalq və yerli yarış, eləcə də çempionatlara hazırlıq məqsədilə təlim-məşq prosesi təşkil olunur.

Tokioda əldə olunan böyük idman uğurları da təbii ki, əlilliyi olan şəxslərin qələbəyə nail olmaları üçün  aparılan məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsidir.

Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Təbii ki, bütün sahələrdə olduğu kimi, idmanda da qazanılan nailiyyətlər məhz dövlət başçısının gərgin əməyi, hər bir sahəyə xüsusi diqqət və qayğısı sayəsində mümkün olmuşdur.

Nurəngiz ADİLQIZI,

“Respublika”.