Hərbiyönümlü qeyri-hökumət təşkilatları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
Digər xəbərlər

Hərbiyönümlü qeyri-hökumət təşkilatları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Azərbaycanda fəaliyyət göstərən hərbiyönümlü qeyri-hökumət təşkilatları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

AZƏRTAC müraciəti təqdim edir:

–Hörmətli cənab Prezident.

Müzəffər Ali Baş Komandan.

Sizin şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına xüsusi diqqət və qayğınız nəticəsində bu kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi, rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq mühüm addımlar atılır.

Müzəffər Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun möhtəşəm tarixi Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra da şəhid ailələri, müharibə əlilləri və iştirakçıları genişmiqyaslı sosial dəstək proqramları ilə əhatə olunublar.

Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 5 dəfə genişlənməklə, postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinə 3600, ümumiyyətlə, ötən dövrdə 12 min 500-dən çox mənzil və fərdi evin, 7450 nəfər müharibə əlilinə minik avtomobilinin verilməsi, ümumilikdə 330 müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunması və digər tədbirlər onlara göstərilən qayğının bir nümunəsidir.

Həmçinin Vətən müharibəsi zamanı sağlamlığını itirən hər bir əsgər və zabitimizin müalicəsi, onların reabilitasiyası, cəmiyyətə yenidən inteqrasiyası üçün aparılan mühüm və ardıcıl işlər Sizin müharibə iştirakçılarına qayğıkeş, həssas münasibətinizdən irəli gəlir.

Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlərin artırılması üçün ötən dövrdə mühüm addımlar atılıb, xüsusilə son illərdə bu istiqamətdə ciddi artımlar tətbiq edilib. Müharibə veteranlarının Prezidentin aylıq təqaüdləri ilə əhatə edilmələri təmin olunmaqla, onlarla və şəhid ailələri ilə bağlı fəal məşğulluq proqramları da genişlənib.

Sizin şəhid ailələrinə xüsusi qayğınız nəticəsində hələ 2019-2020-ci illərdə mühüm sosial proqram - 1997-ci il avqustun 2-dək olan dövrdə şəhid olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələri birdəfəlik ödəmə ilə təmin edilməsi proqramı icra edildi və bu da şəhid ailələrinə daha bir dəstək oldu.

Bu gün isə Sizin Fərmanınızla növbəti mühüm sosial dəstək proqramına - Birinci Qarabağ müharibəsində iştirak etmiş və sağlamlığını itirmiş, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə başlandı.

Həmin kateqoriyalardan olanlara, onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələr edilir: I dərəcə əlilliyə görə - 8 800 manat, II dərəcə əlilliyə görə - 6 600 manat, III dərəcə əlilliyə görə - 4 400 manat. Həmin qərar müharibə əlili olan minlərlə vətəndaşımıza, onların ailələrinə böyük dəstəkdir.

Bu qərar həm də onu göstərir ki, istər Birinci Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində iştirak etmiş hər bir Azərbaycan vətəndaşı Azərbaycan Respublikasının Prezidenti üçün dəyərlidir, onların Vətən üçün etdikləri fədakarlıqlar unudulmur.

Möhtərəm Ali Baş Komandan,

Şəhid ailələrinə, qazilərə, müharibə əlillərinə göstərdiyiniz bu həssas, qayğıkeş münasibətinizə görə hərbiyönümlü qeyri-hökumət təşkilatları adından Sizə təşəkkür edir, Azərbaycanın inkişafı və tərəqqisi üçün apardığınız mübarizədə uğurlar arzulayırıq. Bildiririk ki, biz Sizin siyasətinizi daim dəstəkləyir və hər zaman Sizin yanınızdayıq.

Hörmətlə,

Asəf Əliyev - "Qarabağ Qaziləri"

ictimai birliyinin sədri,

Rey Kərimoğlu - Azərbaycanda Minadan

Zərərçəkənlərin Assosiasiyası

ictimai birliyinin sədri,

Mehdi Mehdiyev - Azərbaycan Qarabağ

Müharibəsi Əlilləri Veteranları və

Şəhid Ailələri ictimai birliyinin sədri,

Füzuli Rzaquliyev - "Azərbaycan Vətən

Müharibəsi Veteranları" ictimai birliyinin sədri,

Emin Həsənli -

"Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə"

ictimai birliyinin sədri.

AZƏRTAC