Hacı Qaraman ocağı
Region

Hacı Qaraman ocağı

İnanc yerlərimiz

Artıq 20 ildir ki, Cəbrayıl rayon sakinləri ilə qaynayıb qarışmışıq. İllər boyunca bir-birimizin xeyir-şərində iştirak etmiş, işğal altında olan Cəbrayılın tezliklə azad olunacağı günü birlikdə səbirsizliklə gözləmişik. Artıq arzularımız çin olub. Şanlı Azərbaycan Ordusunun peşəkarlığı, Prezident, Ali Baş Komandanın düzgün siyasəti, sərkərdəlik məharəti sayəsində torpaqlarımız işğaldan azad olunub. Bu gün Füzuli, Ağdam, Kəlbəcər və digər bölgələrimiz kimi, Cəbrayılda da geniş quruculuq işləri aparılır. Rayonun mərkəzi ilə yanaşı, Horovlu, Şükürbəyli, Soltanlı kəndləri də yenidən tikilir.

Hələ işğal illərində cəbrayıllılar əhd eləmişdilər: "Torpaqlarımız özümüzə qayıtsın, Hacı Qaraman ağanın ocağını ziyarət edək". Bu gün arzular həqiqətə çevrilib. Hacı Qaraman ağanın ocağı yenə də ziyarətçiləri qəbul etməkdədir. Bəs bu məşhur ziyarətgah haqqında nə bilirik? İnsanların inanc yeri, axı həm də tarixi abidəmizdir. Tarixə isə səyahət həmişə maraqlı və lazımlı olub. Bilgilər əldə etməyə çalışırıq.

Dədə-babadan heyvandarlıqla məşğul olan tərəkəmələr keçmişdə hər il Kəlbəcər, Laçın yaylaqlarına köçərdilər. Yollar Qubadlıdan, Cəbrayıldan keçərdi. Köç Cəbrayılın Çələbilər kəndində Hacı Qaraman deyilən bir ziyarətgahda dayanar, hamı salavat çevirər, yasin oxuyar, Allahdan ruzi-bərəkət, cansağlığı arzulayardı. Bununla ürəklər soyumazdı. Köç düz üç dəfə məzarın başına fırlanardı.

Hacı Qaraman ocağı insanlar üçün enerji bloku idi. Ziyarətdən sonra adamlar özlərində bir rahatlıq hiss edərdilər.

Bu müqəddəs ocaq təkcə Cəbrayılda yox, ətraf rayonlarda, bütün Azərbaycanda, ümumən Şərq ölkələrində də geniş tanınır. Bəs bu ocağın sirri nədədir?

Tarixçilər yazırlar ki, "Ziyarətgah Türkiyənin Diyarbəkir əyalətində doğulan çələbilərin adlı-sanlı başçılarından olan Hacı Qaraman Çələbinin qəbridir. O, dövrünün sayılıb-seçilən kəramət şeyxlərindən olub, mükəmməl dini mədrəsə təhsili alıb.

Hacı Qaraman Çələbi 677-ci ildə dünyaya göz açıb. Künyəsi Əbu-Məhəmməd, ləqəbi Zeynalabidin olan 4-cü İmam Əli Hüseynin oğul nəvəsidir. O, XVI əsrin sonu, XVII əsrin əvvəllərində İslamı irşad etmək üçün Diyarbəkirdən Azərbaycana - Qarabağa göndərilib. Cəbrayıl rayonu ərazisinə gəlmiş, əvvəlcə Niftalılar və Musus kəndləri arasındakı yerdə özünə məskən salmış, sonralar Çələbilər kəndinə köçmüşdür. Hacı Qaraman Cəbrayıl zonasından olan Güləhmədin qızı Yetərlə evlənmiş və bu torpaqda böyük irşad işi aparmış, çoxlu kəramətlər göstərdiyinə görə "Xızır" ləqəbi almışdır. Hacı Qaramanın dəfn edildiyi məzar sonralar ocaq kimi müqəddəs olmuşdur. Çələbilər kəndindəki məscid Hacı Qaraman tərəfindən inşa edilmişdir. Onun adı məşhur Oğuz türklərindən olan Qaraman tayfasından götürülmüşdür.

7-ci törəməsi olan Şıx Hacı Qasım Çələbi onun irşad işlərini yüksək səviyyədə davam etdirmişdir. Bugünkü çələbilər onun törəməsidir. "Çələbi" sözü dünyəvi-dini termin olub, Allahı sevən şair, bilici mənasını verir.

Hacı Qaraman və onun nəsil şəcərəsi bir sistem halında daim irfan yolunu tutmuş, sufi düşüncələri ilə mənfi enerjiləri qovaraq insanları saflaşmağa, təmizlənməyə, ruhi azadlığa çağırmışdır. Əsrlər boyu beyinlərə işləyən bu sistem insan ruhunu daim paklaşdırmağa xidmət etmiş və etməkdədir.

Tarixçilər bildirirlər ki, bu sistem bir adamın işi deyil, bütövlükdə ruhlar səltənətinin bəşəriyyətin yolunda açdığı bir nur yoludur. Çələbilər zaman-zaman bu yolu maneələrdən təmizləmiş, sufilikdən bir elm yarada bilmişlər.

Hacı Qaramanın ruh elmi Azərbaycanda tolerantlıq ənənəsinin davamı və inkişafı kimi bu günün özündə də müxtəlif xalqlara öz qapısını açır. Bu tolerantlıq Rumi fəlsəfəsindən başlanğıc götürür və bütün insanları Allah qarşısında bərabər sayır. Ruh səltənətinin təcrübəsi insanı naqis niyyətlərdən təmizləyir, ona səbir, dözüm, xoş əhvali-ruhiyyə bəxş edir.

Hacı Qaraman ocağı sadəcə mistik, şəfaverici bir ocaq deyil, o, elm, mədrəsə məbədidir. İnsan onu ziyarət edəndə dərk edə bilmədiyi sirlərə vaqif olur. Dərin əsrlərə baş vurur, şəriət, mərifət, təriqət, həqiqət mərhələlərini adlayır. Allahın varlığını düşüncələrində hiss edir. Hacı Qaraman enerjisi tək Azərbaycanda deyil, bütün dünyada məşhurdur. Dilindən, dinindən, irqindən asılı olmayaraq, o, bütün insanlara bərabərlik, birlik, sağlamlıq əta edir. Sanki o, böyük Allah-Təala bu ocaqları insanlara bir həyan kimi göndərib. İnsanlar darıxanda, özlərini tək-tənha hiss edəndə bu ocağa baş qoysunlar və Allahın dərkinə çalışıb, sonra özlərini səfərbər edərək həyat yollarına davam etsinlər.

Hacı Qaraman nəsli Sarı Aşıqdan tutmuş, Seyid Nigariyə qədər bütöv bir ruh sistemidir. Neçə əsrlərdir bu insanlar Allah aşiqləridir. Onlar cəhaləti, xurafatı əsrlərlə Allah yolundan təmizləmiş və gələcək üçün bir Allah, iman, din, birlik yolu qoyub getmişlər və indi biz həmin yolda Allahın nurundan kiçicik bir hissəni könlümüzə çəkirik. Hacı Qaraman elmi Füzuli, Nəsimi ilə birləşir. Harada sufizm varsa, həmişə onun qanadları nəzm olmuşdur. Hacı Qaraman səltənəti dünyəvi bir elmdir. Nəsiminin "Dünya duracaq yer deyil, ey can, səfər eylə" misrasındakı həqiqət onun sufi fəlsəfəsinə qovuşur.

Erməni vandalizminin işğalçı siyasəti sayəsində Cəbrayıl və ətraf rayonlar 30 il Hacı Qaraman ziyarətgahından uzaq düşdülər. Amma pis günün ömrü az olur. Bu gün möhtəşəm inanc yerimiz yenidən insanların ziyarət ocağına çevrilib.

Tofiq HÜSEYN,

"Respublika".