Genişmiqyaslı islahatlar və konkret proqramlar uğurların təməlidir
Digər xəbərlər

Genişmiqyaslı islahatlar və konkret proqramlar uğurların təməlidir

Müstəqil Azərbaycan dövləti bu gün dünyada sabit və davamlı inkişaf edən iqtisadiyyata, mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi tanınır. Cənubi Qafqazın lideri statusunu daşıyan ölkəmiz artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən aparıcı rola malikdir və təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, Azərbaycanın mövqeyini nəzərə alırlar. Bütün bunlar dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlu olduğunu, milli maraqların təmin olunmasına yönəldiyini əyani surətdə təsdiqləyir. Bu bir reallıqdır ki, Azərbaycan yeni minilliyə təkcə müstəqil dövlət kimi daxil olmayıb, həm də özünün alternativi olmayan siyasi kursunu, mükəmməl siyasi, sosial-iqtisadi və mədəni inkişaf konsepsiyalarını gətirib. Dövlətçiliyimizin güclənməsi və qüdrətlənməsi, sosial-iqtisadi inkişafın sürətlənməsi, əhalinin rifahının yüksəlməsi, demokratik-hüquqi islahatların dərinləşməsi ilə səciyyələnən bu dövrün bütün uğur və nailliyyətlərinin möhkəm bünövrəsi vardır. Bu bünövrə Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsində möhtəşəm dövlətçilik fəaliyyəti ilə xalqımızın taleyini müəyyənləşdirən ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Azərbaycan çox zəngin təbii sərvətlərə və insan resurslarına malikdir və strateji coğrafi-iqtisadi məkanda yerləşir. Lakin uzun illər xalqımız öz milli sərvətlərinin əsl sahibi deyildi, insan resurslarından düzgün istifadə olunmurdu. Məhz Heydər Əliyevin müdrikliyi, yeritdiyi düzgün siyasət nəticəsində bütün bu mühüm amillər Azərbaycanın və xalqımızın mənafelərinə yönəldildi. Ulu öndərimizin bəşəri xidmətləri sırasında milli neft strategiyasının işlənib hazırlanması və tətbiqi olduqca mühüm yer tutur. Odur ki, milli neft strategiyası Azərbaycanın uzunmüddətli uğurlu inkişaf epoxasının təməlini qoyub. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan özünü dünyaya təqdim edib, ilk dəfə olaraq dünyada nəhəng transmilli konsorsium yaradılıb və ölkəmizin sayəsində Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanı kimi tanınıb. Bu müqavilə ölkəmizin geosiyasi mövqelərini möhkəmləndirməklə yanaşı, iqtisadiyyatımızın, xüsusən də qeyri-neft sektorunun sürətli inkişafına, mədəni intibaha və əhalinin sosial rifahının yaxşılaşdırılmasına güclü təkan verib. Bu dövrdə neft-qaz sektoruna on milyardlarla dollar həcmində xarici sərmayə cəlb olunub, "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli Strategiya" qəbul edilib. Zaman-zaman artan neft gəlirləri, sərmayə axını ölkənin iqtisadi mənzərəsini dəyişdi və Azərbaycan regionun qüdrətli dövlətinə çevrildi.

Ulu öndərimizin müdrik siyasi kursu hazırda Prezident İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam və inkişaf etdirilir. Bu siyasi kurs Azərbaycanın uğur modelidir. Son on doqquz il ərzində görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal Dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir. Son 19 ildə Azərbaycanın dünyada analoqu olmayan sürətli inkişafı, yeni iş yerlərinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yüksəlməsi çoxşaxəli və genişmiqyaslı bu qlobal strateji xəttin prioritet istiqamətləridir.

Məlum olduğu kimi, Prezident İlham Əliyev 2021-ci il fevralın 2-də "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda bildirilmişdir ki, 2020-ci ildə ölkəmizin işğal altındakı torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Zəfərdən sonra Azərbaycan keyfiyyətcə yeni strateji mərhələyə daxil olur. Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir. Odur ki, 2021-2030-cu illəri əhatə edən Milli Prioritetlər yeni strateji dövrdə qarşıda duran hədəflərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır.

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" XXI əsrdə ölkəmizin inkişafı ilə bağlı qəbul olunan ikinci uzunmüddətli strategiyadır. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir standartlara əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.

Ötən 30 ildə ölkədə tətbiq edilən iqtisadi inkişaf modelinin başlıca siyasi və sosial-iqtisadi nəticəsi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, iqtisadi inkişafın arxitekturasının gücləndirilməsi və ölkənin beynəlxalq nüfuzunun artırılması olmuşdur. Ölkənin iqtisadi gücü ərazi bütövlüyünü bərpa etməyə və əhalinin sosial rifahını yaxşılaşdırmağa imkan vermişdir. Bütün sahələrdə həyata keçirilən uğurlu dərin islahatların nəticəsi olaraq ölkəmiz bir çox dövlətlərin uzun illər ərzində əldə edə bilmədiyi nailiyyətlərə imza atıb. Bu illərdə sosial-iqtisadi inkişaf üçün başlıca şərt olan fundamental ictimai-siyasi sabitlik davamlı şəkildə möhkəmlənmişdir.

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyun 2021-ci il tarixli Sərəncamı ilə ölkəmizin coğrafi ərazisində əvvəl mövcud olmuş 10 iqtisadi rayon əvəzinə işğaldan azad edilmiş rayonların əraziləri də nəzərə alınmaqla 14 iqtisadi rayonun yaradılması Vətən müharibəsindən sonra ölkədə yaranmış yeni reallığın obyektiv ifadəsidir. Yeni ərazi-inzibati bölgü əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması Vətən müharibəsində qazanılmış tarixi Zəfərin meydana çıxardığı gerçəklikdir. Odur ki, itirilmiş coğrafi ərazilərin bərpa edilməsi, vətən torpaqlarının geri qaytarılması öz növbəsində ölkəmizin ərazi-inzibati bölgüsünün iqtisadi rayonlar üzrə müəyyən edilməsi məsələsinə yenidən baxılması zərurətini meydana çıxarmışdı. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa işləri sürətlə həyata keçirilir, nəhəng infrastruktur layihələri gerçəkləşdirilir. Bu prosesin tərkib hissəsi kimi reallaşmaqda olan və həyata keçirilməsi nəzərdə tutulan layihələrin konkret ərazilərin təbii ehtiyatları, iqlim şəraiti, coğrafi relyefi nəzərə alınmaqla həyata keçirilməsi vacib şərtlərdən biridir.

Prezident İlham Əliyev bu il yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın prioritet sahələrdə qazandığı uğurlar haqqında danışarkən qeyri-neft sektorunda ixracatın 40 faiz artımının, uzun illər ərzində milli valyutamızın stabil qalmasının, investorların ölkəyə cəlb olunmasının, vergi sistemində şəffaflığın təmin edilməsinin dövlətimizin həyata keçirdiyi düzgün siyasət nəticəsində mümkün olduğunu bildirmişdir. Sözsüz ki, bütün bu uğurların bir məqsədi var: vətəndaşların sosial rifahının təmin edilməsi. Prezident İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasətin tərkib hissəsi olan sosial sahənin mərkəzində hər zaman Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması məsələsi dayanır. Hər bir Azərbaycan vətəndaşı dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Başqa sözlə, Azərbaycan sosial dövlətdir və ölkə rəhbəri vətəndaşların rifahına, onların iqtisadi və sosial əmin-amanlıqlarının qorunmasına, sosial ədalətin təmin olunmasına, vətəndaşların layiqli həyat sürməsinə təminat verir. Dövlət başçısı çıxışlarında dəfələrlə bildirib ki, sözsüz ki, uğurlarımızın təməlində düşünülmüş siyasət, konkret proqramlar, möhkəm iradə və Azərbaycanın suverenliyi, müstəqilliyi dayanır. Biz müstəqil siyasət aparırıq. Həm siyasi, həm iqtisadi sahədə, bütün başqa sahələrdə Azərbaycan xalqının maraqlarını müdafiə və təmin edirik.

Azərbaycanın öz inkişafını sürətlə davam etdirməsi, nəzərdə tutulan Dövlət proqramlarının və infrastruktur layihələrinin inamla və qətiyyətlə həyata keçirilməsi çox böyük uğurdur. Burada paytaxtla yanaşı, bütün bölgələrimizin, hətta ən ucqar kəndlərimizin belə simasını tamamilə dəyişən, yerlərdə müasir infrastrukturun yaradılmasına, turizm kimi çox sərfəli və mühüm sahənin tərəqqisinə güclü təkan verən I, II və III, həmçinin davam edən IV regional inkişaf Dövlət proqramlarının rolu xüsusi vurğulanmalıdır. Məhz bu proqramların icrası Azərbaycanın hərtərəfli inkişafını, bölgələrimizdə minlərlə sənaye və emal müəssisələrinin, təhsil və səhiyyə ocaqlarının, digər sosial obyektlərin, müasir Olimpiya idman komplekslərinin açılmasını, işsizlik probleminin çox qısa müddətdə aradan qaldırılmasını təmin edib. Böyük quruculuq-abadlıq işləri geniş vüsət alıb, dünya standartlarına cavab verən ən müasir yollar və yol qovşaqları salınıb və bu proses bu gün də uğurla davam etdirilir. Siyasət, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə də görülən işlər Azərbaycanın beynəlxalq arenada mövqelərinin daha da güclənməsinə gətirib çıxarıb. Bu sahələr üzrə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən əsas dövlətlərdən biri məhz Azərbaycandır.

Son illər Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi siyasətində şaxələndirmə mühüm yer tutur və bu, iqtisadiyyatımızın hər hansı bir amildən asılılığını aradan qaldırıb. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir. Bu rəqəm bundan sonra da artacaqdır.

Azərbaycan son on doqquz ildə daha da sürətlə inkişaf edib. İndi ölkəmiz öz maliyyə mənbələri hesabına ən böyük layihələri belə həyata keçirməyə qadirdir. Əldə olunan uğurlar, mövcud valyuta ehtiyatlarımız və güclü maliyyə potensialımız bunu bariz şəkildə təsdiqləyir. Təsadüfi deyil ki, artıq Azərbaycan öz maliyyə imkanları ilə dünya miqyasına çıxır, başqa ölkələrlə müştərək şəkildə investisiyaların qoyuluşunda iştirak edir və bu imkanlar daha da artmaqdadır.

Müşfiq MİRZƏ,

"Respublika".