Gəncə qiyamı, tariximizin qara səhifəsi
Digər xəbərlər

Gəncə qiyamı, tariximizin qara səhifəsi

Hər kəsə bəllidir ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini əldə etsə də, bu, formal xarakter daşıyırdı və hakimiyyətdə olan dairələr əslində suverenliyin əleyhinə fəaliyyət göstərirdilər. Ona görə də, müstəqilliyin ilk illərində ümummilli mənafe baxımından həyata keçirilməli olan tədbirlər yarımçıq qalırdı. Yalnız xalqın təkidli tələb və təzyiqləri nəticəsində hakimiyyət bu və ya digər məcburi addımlar atırdı.

O dövrdə Azərbaycan Xalq Cəbhəsi milli hərəkatın aparıcı qüvvəsi kimi çıxış etsə də, həmin təşkilatın rəhbərliyində olan bir sıra şəxslər əslində kommunist nomenklaturası üzvlərindən o qədər də fərqlənmirdilər. 1992-ci ildə hakimiyyətə gələn Xalq Cəbhəsi ölkəni bürümüş problemləri həll etmək qabiliyyətinə malik deyildi və onlar köhnə siyasi xətti yeni formada davam etdirmək istəyirdilər. Xalq Cəbhəsi hakimiyyətini sələflərindən mahiyyətcə heç nə fərqləndirmirdi. Yalnız zahiri faktiki addımlar atılırdı ki, bunlar da əsaslı dəyişikliklər üçün mühüm əhəmiyyət kəsb etmirdi. Məhz belə bir zamanda xalqın aparıcı ziyalıları vəziyyətdən çıxış yolunu Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdülər. Heydər Əliyev həmin dövrdə Naxçıvanı erməni xarici təcavüzündən qorumaqla bərabər, böyük çətinliklə blokada şəraitinə baxmayaraq, sosial-iqtisadi xarakterli islahatların əsasını qoymuşdu.

Ümumiyyətlə, 1992-1993-cü illər Azərbaycanda siyasi böhranın dərinləşməsi dövrü kimi yadda qalmışdır. Torpaqların ardıcıl işğalı, hakimiyyətdaxili ziddiyyətlərin kəskinləşməsi, siyasi hakimiyyət uğrunda mübarizədə silahlı qüvvələrin meydana çıxması Azərbaycanda dövlət böhranını yetişdirdi və müstəqil dövlətimiz dağılmaq təhlükəsi qarşısında qaldı. Siyasi-hərbi müxalifətin qarşısını almaq məqsədilə hakimiyyətdə olan Xalq Cəbhəsi üzvlərinin silahlandırılması daxili qarşıdurmanı hərbi müstəviyə keçirdi. 1993-cü ilin iyun ayında Gəncədə silahlı qüvvələr Xalq Cəbhəsi hakimiyyətinə qarşı qiyama başladı və bununla da Azərbaycan dövləti mənəvi, siyasi, hərbi böhrana düşdü, vətəndaş müharibəsi təhlükəsi yarandı. Belə bir məqamda, nəhayət ziyalıların və xalqın təkidli çağırışı ilə Heydər Əliyevin Naxçıvandan Bakıya tarixi qayıdışı milli qurtuluşun, müstəqil dövlətçiliyin xilasının və ölkənin böhrandan çıxmasının başlanğıcını qoydu.

1993-cü ilin iyun ayında Gəncə hadisələrinin başlanması ilə yaranmış dövlət böhranı ölkənin cənub bölgəsində baş qaldıran separatizm meyillərini daha da gücləndirdi, həmçinin şimal rayonlarında "Sadval"ın fəallaşması respublikanı siyasi xaos vəziyyətinə gətirib çıxardı. Üstəlik, cəbhədə ermənilərin üstünlüyü ələ alması Azərbaycanı tamamilə parçalanmaq, məhv olmaq təhlükəsi qarşısında qoydu.

Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyində olması bütün təhlükələrin qarşısını almağa imkan verdi və qısa zamanda problemlərin aradan qaldırılması istiqamətində intensiv addımlar atılmağa başlandı. Əbülfəz Elçibəyin paytaxtdan qaçması, separatçıların cənub bölgəsində qondarma "Talış-Muğan respublikası" yaratması, S.Hüseynovun ali hakimiyyət postunu ələ keçirmək üçün yeni planlar qurması, Azərbaycana xaricdən təzyiqlərin güclənməsi, ölkədə faktiki olaraq vətəndaş müharibəsinin başlanması 1993-cü ilin siyasi mənzərəsini dolğun şəkildə əks etdirirdi.

Azərbaycanda belə acınacaqlı situasiyanın yaranmasının əsas məsuliyyəti isə AXC-Müsavat iqtidarının üzərinə düşürdü. Səriştəsiz AXC-Müsavat hakimiyyəti vəziyyətin daha da ağırlaşmasına yol açan məntiqsiz qərarlar verməkdə davam edirdi. 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC-Müsavat hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsinin rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Təslimolma barədə qərara tabe olmayan qoşun hissəsi Bakıya doğru istiqamət götürdü. Gəncədə, o cümlədən Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar baş verdi. Vəziyyət get-gedə ağırlaşırdı. 709-cu briqadanı tərk-silah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə silahlı birləşmələr arasında döyüş baş verdi. İyunun 15-də ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda gəncəlilərə müraciət edilərək onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu.

Belə bir ağır zamanda xalqın nəzər-diqqəti Naxçıvana yönəlmişdi. Blokada şəraitində belə, Muxtar Respublikanı qorumağı bacaran, Azərbaycanın xilaskarı Heydər Əliyev ölkənin, dövlətin, xalqın nicatı idi. Respublikanın  hər yerində izdihamlı mitinqlər keçirilir, ulu öndər Heydər Əliyevin təcili olaraq Azərbaycana rəhbərliyə gəlməsi təkidlə xahiş olunurdu. Bu, xalqın müdrik seçimi idi.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində, Azərbaycan bu gün öz inkişafının sürətli dövrünü yaşayır. Ümummilli liderimizin qoruyub saxladığı müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyilə daha da möhkəmləndirilib, onun əbədiliyi təmin edilib. Azərbaycanın güclü Ordusu və Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad olunub. İndi o torpaqlarda quruculuq işləri aparılır. Özünün müdrik rəhbərilə Azərbaycan işıqlı gələcəyə doğru inamla irəliləyir...

Z.ABDULLAYEVA,

"Respublika".