Estoniyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı mövqeyi birmənalı xarakter daşıyır
Siyasət

Estoniyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı mövqeyi birmənalı xarakter daşıyır

Noyabrın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Estoniya-Azərbaycan parlamentlərarası qrupunun sədri Sven Sesterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan yüksəksəviyyəli əməkdaşlıq münasibətlərini qeyd edib və bu xüsusda, ikitərəfli parlament ölçüsünün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, iki ölkənin parlament rəhbərləri arasında keçirilən görüşlərin, eləcə də qarşılıqlı ikitərəfli səfərlərin vacibliyini bildirib. Nazir gələn ilin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü olduğunu vurğulayıb və bununla bağlı müvafiq tədbirlərin həyata keçiriləcəyini qeyd edib.

C.Bayramov, həmçinin Azərbaycan ilə Estoniya arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir artıq keçmişdə qalan Ermənistan-Azərbaycan münaqişəsinin həlli, 44 günlük Vətən müharibəsi, bu dövr ərzində Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, mülki insanların hədəfə çevrilməsi barədə, eləcə də bölgədə mövcud olan cari vəziyyət haqqında qarşı tərəfə ətraflı məlumat verib. O, Estoniyanın Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə verdiyi dəstəyə görə qarşı tərəfə təşəkkürünü ifadə edib. Nazir, həmçinin üçtərəfli bəyanatlardan irəli gələn məsələlərdən, habelə bölgədə mövcud olan mina təhlükəsi və onun doğurduğu ağır nəticələrdən bəhs edib. O, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistanla münasibətlərin normallaşmasının mümkün olduğunu vurğulayıb.

Estoniya-Azərbaycan parlamentlərarası qrupun sədri Sven Sester ətraflı məlumata görə nazir Ceyhun Bayramova təşəkkürünü ifadə edib. O, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin genişləndirilməsinin vacibliyini bildirib. Estoniya tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı mövqenin birmənalı xarakter daşıdığı vurğulanıb. Sven Sester azad olunmuş ərazilərin sürətlə inkişafı baxımından mina xəritələrinin təqdim edilməsinin vacibliyini bildirib. O, səfəri çərçivəsində azad edilmiş ərazilərə baş çəkəcəklərini, Azərbaycan tərəfindən həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yaxından tanış olacaqlarını bildirib.

Görüş zamanı qarşı tərəfə hazırda Azərbaycanın azad olunmuş ərazilərində aparılan minadan təmizlənmə fəaliyyəti, bərpa və tikinti işləri, infrastruktur layihələri və digər məsələlər ilə bağlı məlumat təqdim edilib.

AZƏRTAC