“Diqqət! Xəbər var!
Digər xəbərlər

“Diqqət! Xəbər var!" adlı kitab çapdan çıxıb

İki qardaş ölkə mediasının öncülləri olan AZƏRTAC və Anadolu xəbər agentliklərindən bəhs edən yeni nəşr

Gənc jurnalist Əfsələddin Ağalarovun Türkiyə və Azərbaycanın dövlət xəbər agentliklərindən, ortaq media tarixindən bəhs edən kitabı "Diqqət! Xəbər var!" adlanır.

AZƏRTAC xəbər verir ki, "Mücrü" nəşriyyatının "Elm seriyasında nəfis şəkildə çap olunan yeni monoqrafik kitab dünya xəbər agentliklərinin iş prinsiplərindən, xəbər agentliklərinin yaranması və ictimai rəyə təsirlərindən, Azərbaycan və Türkiyənin ortaq media tarixindən və hər iki qardaş ölkə mediasının öncülləri olan AZƏRTAC və Anadolu xəbər agentliklərinin müxtəlif proseslərdəki informasiya siyasətindən bəhs edir.

Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən nəşr edilən kitabın rəyçiləri professorlar Qulu Məhərrəmli, Cahangir Məmmədli və Nəsir Əhmədlidir.

Azərbaycan jurnalistika nəzəriyyəsinin araşdırılması zamanı vacib məqamlara diqqət çəkən müəllifin bu kitabını araşdırma janrında ən uğurlu işlərdən biri hesab etmək olar. Bu araşdırmada AZƏRTAC və Anadolu agentliklərinin meydana çıxmasına şərait yaradan səbəblər, tarixi oxşarlıqlar, təsis olunduqları vaxtdan bu günə qədər keçdikləri yol, dünyanın xəbər agentlikləri sırasında tutduqları yer gözdən keçirilib.

Kitab dörd bölmədən ibarətdir - "İctimai rəyin formalaşmasında xəbər agentliklərinin funksiyaları", "Azərbaycan və Türkiyə xəbər agentliklərinin fəaliyyəti baxımından müqayisəsi (Anadolu və AZƏRTAC agentliyi)", "Anadolu və AZƏRTAC agentliklərinin ictimai rəyə təsir baxımından seçdikləri gündəm hadisələrinin müqayisəsi" və "Anadolu və AZƏRTAC agentliklərinin xəbər siyasətlərinin jurnalistika baxımından müqayisəsi".

Müəllif bildirir ki, nəşrdə xəbər agentliklərinin fəaliyyət istiqamətləri təkcə nəzəri baxımdan deyil, həm də Anadolu və AZƏRTAC-ın nümunələri əsasında təqdim olunur: "Kitab gənc jurnalistlər üçün hazırlanmış aydın və lakonik dili ilə seçilən nəşrdir. Kitabda dövlət xəbər agentliyinin dövlətlər üçün önəmi praktik təcrübə müstəvisində izah olunur. İki qardaş ölkənin haqqında söhbət gedən xəbər agentliklərinin müxtəlif hadisələrə yanaşmasında dövlətlərin həmin hadisəyə olan baxış və siyasi mövqeyi əsas götürülür. Məsələn, "Breksit" prosesində AZƏRTAC və Anadolu hansı mövqeyi sərgiləyir və ya ABŞ-da keçirilən prezident seçkilərini agentliklər hansı baxış bucağından işıqlandırır? Bu sualların cavabını müxtəlif üsullarla - qarşılaşdırma (müqayisə) və deduksiya üsulu ilə tapmaq mümkün olacaq".

Azərbaycan və Türkiyənin ortaq media tarixində dövlət xəbər agentliklərinin önəmini vurğulayan müəllif deyir: "Hazırda iki qardaş ölkənin - Azərbaycan və Türkiyənin hər sahədə olduğu kimi, media sferasında da ortaq əməkdaşlıqlarının qurulması, ortaq media platformasının yaradılması üçün müntəzəm və məntiqli işlər görülür. Bu işdə akademik əməkdaşlıqların artırılması vacibdir. Kitab Azərbaycanda təhsil alan gənc jurnalistlər üçün məhz bu aspektdən önəmli istinad mənbəyi olacaq və geniş araşdırmalarla zəngin "cib" kitabçası rolunu oynayacaq. Düşünürəm ki, yaxın gələcəkdə bu cür nəşrlərin artırılması Azərbaycan və Türkiyənin media sahəsində tarixi bağlılıqlarını yenidən gündəmə gətirəcək və gələcəkdə görüləcək işlərdə mayak rolunu oynayacaq".

Qeyd edək ki, Əfsələddin Ağalarov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində bakalavr, Türkiyənin Marmara Universitetinin jurnalistika fakültəsində Media iqtisadiyyatı və idarəedilməsi bölməsində magistr təhsili alıb. O, "Azxeber.com" informasiya portalının təsisçilərindən biridir və hazırda portalın baş direktoru vəzifəsini icra edir.

AZƏRTAC