Daşkəsən: Təki Vətən sağ olsun!
Region

Daşkəsən: Təki Vətən sağ olsun!

Bəli, ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Vətənin, millətin yolunda canlarını fəda edənlər hər zaman hörmətlə, qürurla anılırlar.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin, şəhid ailələrinin, qazilərin, sakinlər və şəhidin doğmalarının iştirakı ilə, Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi, kiçik çavuş Tağıyev Ramid Yaqub oğlunun xatirəsinə ehsan bulağının açılışı olub. Mərasimdə bulağın önünə  gül dəstələri düzülüb və şəhidin xatirəsi ehtiramla yad edilib.

Ramid Tağıyev 1994-cü il fevralın 25-də Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Ramid Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramid Tağıyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezident cənab  İlham Əliyevin  müvafiq sərəncamlarına əsasən Tağıyev Ramid Yaqub oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev 44 günlük Vətən müharibəsində Şanlı Zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanının yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini əhatəli qeyd etdi. O bildirdi ki, Azərbaycanın tarixi qələbəsinin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqın inamı, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Ramid də qəlbimizdə əbədi yaşayacaqdır. Bizlər məhz belə qəhrəmanlar hesabına Vətən uğrunda canlarını fəda etmiş igidlərimizin sayəsində doğma Kəlbəcərimizə, Qarabağımıza qayıdırıq. Bu gün dövlətimiz tərəfindən şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir.

Şəhidin anası Zərniyar Tağıyeva  oğlu ilə qürur duyduğunu bildirərək “Təki Vətən sağ olsun!”, - dedi. Və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin  minnətdarlığını bildirdi.

Zabit XƏLİLOV,

“Respublika”.