Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Siyasət

Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyətinin Azərbaycana səfəri davam edir

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) icraçı direktoru xanım Yanne Holst Hübner və Assosiasiyanın üzvü - Danimarka Krallığının Hərbi Prokurorluğunun prokuroru Klaus Risbcerqin ölkəmizə işgüzar səfəri davam edir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda olub, qurumun fəaliyyəti ilə maraqlanıblar.

Daha sonra Bakının müasir rəmzlərindən olan Heydər Əliyev Mərkəzi ziyarət edilib. Dünyanın nadir memarlıq nümunələrindən biri olan və funksionallığı ilə seçilən Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlərlə, habelə Azərbaycanın tarixi və mədəniyyət nümunələri ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.

Növbəti gün BPA-nın nümayəndə heyəti Gəncə şəhərinə səfər edərək Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunduğu qonaqların diqqətinə çatdırılmaqla, dünya şöhrətli dahi Azərbaycan şairinin həyat və yaradıcılığı barədə geniş məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyətinə Gəncə şəhərinin nadir tarixi və memarlıq, eləcə də dini abidələri nümayiş etdirilib. Eyni zamanda, qonaqlar Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində dağıdılmış ərazilərlə yerində tanış olublar.

Həmçinin nümayəndə heyəti Gəncə Şəhər Prokurorluğunun inzibati binasında yaradılmış şəraitlə maraqlanıb, gənc prokurorluq əməkdaşları ilə də görüşüblər.

Səfər davam edir.

AZƏRTAC