Bədnam qrupun yarıtmaz fəaliyyəti
Siyasət

Bədnam qrupun yarıtmaz fəaliyyəti

1992-ci martın 24-də ATƏT-in keçmiş Minsk qrupu fəaliyyətə başlayıb. Həmin gün Helsinkidə keçirilmiş görüşdə Qarabağdakı mövcud vəziyyət müzakirə olunub, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsində (sonra ATƏT) Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib. Azərbaycan tərəfi qurumun ədalətli addımlar atacağına ümid etsə də daha çox ATƏT-in fəaliyyətsizliyi ilə üz-üzə qaldı. Keçmiş münaqişənin həlli üçün çalışmalı olan təşkilat tezliklə erməni yalanlarının “ortağına” çevrildi. Təsadüfi deyil ki, məhz ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələrinin riyakarlığı ölkəmizin qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsini qaçılmaz etdi. Bu qurum otuz il ərzində keçmiş münaqişənin ədalətli və şəffaf şəkildə həllinə deyil, daha çox dondurulmasına çalışdı. Bununla da iki tərəf arasında aparılan danışıqlar fiaskoya uğradı. ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyətsizliyi Qarabağda müharibənin daha da alovlanmasına gətirib çıxardı. Məhz bu qrupun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında illərlə davam edən danışıqların heç bir müsbət nəticəsi olmadı. Çünki keçmiş Minsk qrupunun həmsədrləri o qədər yarıtmaz və bədnam idilər ki, yalnız öz ölkələrinin məkrli maraqlarını reallaşdırmağa çalışırdılar. Amma onların bu xain niyyəti baş tutmadı. Azərbaycan Prezidenti cənab İlham Əliyev öz məğrurluğunu və qətiyyətini ortaya qoymaqla bu münaqişəni kökündən həll etdi.

Əfsuslar olsun ki, istər işğal, istərsə də işğaldan sonra Azərbaycan ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən ədalətli mövqe, işğalçıya təsir, işğala son qoyulması üçün əməli fəaliyyət görmədi. Hətta Ermənistana BMT-nin kağız üzərində qətnamələrinin yerinə yetirilməsi ilə bağlı azacıq da olsa, beynəlxalq təzyiq göstərilmədi. Həmsədr ölkələr, eyni zamanda Ermənistana beynəlxalq hüquqdan irəli gələn müvafiq sanksiya tətbiq etmək əvəzinə, faktiki olaraq düşmənin işğalçılıq siyasətini də gözardı etdilər. Keçmiş Minsk qrupu 28 il ərzində münaqişənin hərbi yolla həllini inkar edərək Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirməyə və münaqişəni diplomatik yollarla nizamlamağa uğursuz cəhdlər edib. Bütün bunların nəticəsində etimadı itirən təşkilatın fəaliyyətsizliyi problemin sülh yolu ilə deyil, hərbi əməliyyatlarla həllinə gətirib çıxardı. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun bölmələri  əks-hücum əməliyyatına başlayaraq, işğal altındakı torpaqlarımızı azad etdi. Ölkə başçımızın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun gücü ilə torpaqlarımızın erməni işğalından azad edilməsi xalq-iqtidar birliyini daha da möhkəmləndirdi.

Prezident İlham Əliyev 2022-ci ilin iyununda baş tutan IX Qlobal Bakı Forumunun açılışı zamanı ATƏT-in keçmiş Minsk qrupunun səriştəsizliyini bir daha diqqətə çatdırıb: “Minsk qrupu 1992-ci ildə təsis edilib və onun mandatı münaqişənin həllinə yardım etməkdən ibarət olub. Lakin faktiki olaraq onun fəaliyyəti sıfırla nəticələnib. Təsəvvür edin ki, ATƏT-dən mandat almış bu qrup 28 il ərzində heç bir nəticə əldə etməyib. Azərbaycan Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Hesab edirəm ki, hər kəs bunu anlayır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz və biz bununla bağlı artıq mesajlar almışıq – bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək. Yəni Minsk qrupu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də səmərəsizdir. Düşünürəm ki, bunun ən yaxşı yolu Minsk qrupuna əlvida deməkdir. Təşəkkür edirik və əlvida deyil, yalnız əlvida demək olar. Yəni 30 il kifayətdir, təqaüdə çıxmaq vaxtıdır”.

Ümumiyyətlə, keçmiş Minsk qrupunun hələ işğal dövründə ölkəmizə baş tutan səfərlərinin nəticəsiz qalması təkcə həmsədrlərin səriştəsizliyi ilə izah olunmamalıdır. Çünki həmin şəxslər siyasətdə kifayət qədər təcrübəli idilər və tanınırdılar. Sadəcə olaraq, onların Azərbaycana qarşı qərəzi var idi və bu səbəbdən məsələnin həlli uzanırdı. Hətta keçmiş Minsk qrupunun əsas məqsədinin Qarabağı unutdurmaq olduğunu da söyləmək mümkündür. Bu, onların son məqsədi idi. Başqa sözlə, Minsk qrupunun fəaliyyəti tamamilə Ermənistanın mənafelərini qorumaqdan ibarət idi. Baxmayaraq ki, Prezidentimiz dövlət başçıları, siyasət adamları, jurnalistlərlə söhbətində Azərbaycan ərazisində ikinci erməni dövlətinin qurulmayacağını, bir qarış ərazimizin belə Ermənistana verilməyəcəyini qətiyyətlə bildirmişdi, buna baxmayaraq, həmsədrlər yenə selektiv yanaşma nümayiş etdirməkdə maraqlı idilər. Onlar işğalçı Ermənistanın daim diktə edən Azərbaycan isə əzilən tərəf vəziyyətində qalacağını, əlli ildən sonra isə Qarabağ məsələsinin azərbaycanlılar tərəfindən tamamilə unudulacağını ümid edirdilər. Prezident İlham Əliyev həmin bədnam həmsədrləri yumşaq şəkildə desək,  qapıdan qovdu. Hazırda Azərbaycan regionda yeni geosiyasi vəziyyət formalaşdırıb. Mövcud yeni reallıqlar nəinki ölkəmiz, həmçinin bütün qonşularımız üçün əmin-amanlığın və sabitliyin yaranmasına xidmət edir.

Nəzrin ELDARQIZI,

“Respublika”.