Balakən: Şəhid Orxan Hüseynovun döyüş rəşadəti vətənpərvərlik nümunəsidir
Region

Balakən: Şəhid Orxan Hüseynovun döyüş rəşadəti vətənpərvərlik nümunəsidir

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canından keçən Balakən rayonunun igid oğullarının unudulmaz xatirəsi daim əziz tutulur. Şəhid Orxan Hüseynovun anım mərasimində bunun bir daha şahidi olduq Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri,  şəhidin ailə üzvləri və digər mərasim iştirakçıları kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərin əziz xatirəsinə dualar oxunub.

Anım günündə Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov Vətən müharibəsində qazanılan tarixi Qələbədən, şəhid Orxan Hüseynovun keçdiyi şərəfli döyüş yolundan söz açıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Balakən rayonundan şəhidlik zirvəsinə ucalan 30 nəfərin hər birinin ildönümü qeyd olunub. Bu gün sonuncu Vətən müharibəsi şəhidimiz Orxan Hüseynovun anım günüdür. Arzu edirik ki, bundan sonra xalqımız həmişə sülh, əmin-amanlıq içində yaşasın, bir daha Vətənimizdə müharibə olmasın.

Orxan Hüseynov 1996-cı il martın 4-də Balakən rayonunun Hənifə kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabr ayının  4-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Hənifə kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə  ölümündən sonra  "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

M.NƏRİMANOĞLU,
“Respublika”.