Azərbaycanın Daxili İşlər Nazirliyi Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin ən fəal üzvlərindəndir
Siyasət

Azərbaycanın Daxili İşlər Nazirliyi Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin ən fəal üzvlərindəndir

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 30-da ölkəmizdə səfərdə olan Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin (MARİƏM) direktoru, milis general-mayoru Rüstəm Mirəlizodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində görülən işlərdən danışıb, bu ümummilli bəlaya qarşı birgə mübarizənin zəruriliyini vurğulayıb.

Görüşdə Regional İnformasiya və Əlaqələndirmə Mərkəzi ilə qarşılıqlı əməkdaşlığın mexanizmləri, məlumat mübadiləsi qaydaları, razılaşdırılmış əməliyyat və əməliyyat-axtarış tədbirlərinin təşkili, həyata keçirilməsi və digər məsələlər müzakirə olunub.

Yüksək qonaqpərvərliyə və aparılan səmərəli müzakirəyə görə minnətdarlığını bildirən Rüstəm Mirəlizoda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin ən fəal üzvlərindən olduğunu qeyd edib. O, son illər Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan kəsərli və barışmaz mübarizəni yüksək qiymətləndirib.

AZƏRTAC