Azərbaycan Respublikası iqtisadiyyatının son illərdə daha da güclənməsi ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun kifayət qədər artmasına səbəb olmuşdur. Bu gün dövlətimiz iqtisadi və siyasi müstəqilliyə sahib olmaqla Avrasiya materikinin ən aparıcı ölkələrindən biridir. Son illərdə Avropada baş verən təlatümlər Azərbaycanın önəmini artıraraq siyasi və iqtisadi proseslərin fəal və əsas iştirakçısına çevirmişdir. Ölkəmizi xarici güclərin gözündə maraqlı edən səbəblərdən biri də, heç bir hərbi alyansa daxil olmaması, balanslaşdırılmış siyasət yürütməsi, strateji tərəfdaş olduğu dövlətlərlə sadiqlik prinsipinə əsaslanaraq əməkdaşlığı etibarlı etməsidir.
Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan geopolitik cəhətdən mürəkkəb bir ərazidə yerləşir və güc mərkəzlərinin Cənubi Qafqazda möhkəmlənməsi onların əsas prioritetidir. Bu məqamda hər hansı hegemon ölkənin təsirinə düşməmək, müstəqil siyasət yürütmək üçün xüsusi diplomatik bacarıq özünü daha çox büruzə verir. Ötən əsrin 90-cı illərində bu sahədə sıxıntılar yaşasaq da, çox keçmədən xalqımızın iradəsini ortaya qoyaraq Ümummilli lider Heydər Əliyevi hakimiyyətə gətirməsi və ardınca Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemindəki zəngin təcrübəsi Azərbaycanın regionda lider dövlətə çevrilməsində əsaslı rol oynamışdır.
70 ildən sonra bərpa etdiyimiz müstəqillik Azərbaycanın dünyaya yenidən inteqrasiyasına, beynəlxalq təşkilatlarla qarşılıqlı dialoqların qurulmasında əsaslı amil olub. BMT, NATO, ATƏT, İƏT, Avropa İttifaqı kimi nüfuzlu təşkilatların üzv və ya tərəfdaşı olması cəmi 31 yaşı olan dövlətin siyasi proseslərin mərkəzinə cəlb olunmasına xüsusi töhfələr verib. Eyni zamanda, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı isə məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayıb.
Bundan başqa, Azərbaycanın təkcə üzv olduğu istər regional, istərsə də beynəlxalq təşkilatların toplantılarına dəvət alması həm dövlətimizin, həm də ölkə başçısının şəxsi nüfuzundan xəbər verir. İyunun 1-də Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak etməyimiz məhz həmin amillərin nəticəsidir. Bundan öncə Avropa Siyasi Birliyinin 1-ci Zirvə toplantısı 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilmişdi. Toplantıda 27-si Aİ-yə üzv ölkə olmaqla, ümumilikdə 44, Şərq Tərəfdaşlığı regionundan 5 ölkə (Belarus istisna olmaqla), o cümlədən Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova, Qərbi Balkan regionundan Serbiya, Monteneqro, Bosniya və Herseqovina, Kosovo, Şimali Makedoniya və Albaniya, habelə qitənin digər ölkələri - Böyük Britaniya, Norveç, İsveçrə, İslandiya, Lixtenşteyn və Türkiyənin dövlət və hökumət başçıları iştirak ediblər. Ardıcıl olaraq Zirvə toplantısında iştirak Aİ-nin Azərbaycanı etibarlı və perspektivli tərəfdaş kimi qəbul etdiyini, ölkəmizlə əməkdaşlığın Avropanın strateji prioritetlərindən biri olduğunu yenidən təsdiqləyir. Sammitdə iştirak edən liderlər sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin təkmilləşdirilməsi və Avropada ölkələrarası əlaqənin gücləndirilməsi mövzularında müzakirələr aparıblar. Həmçinin Moldovanın Paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş də keçirilib. Müsbət və səmərəli atmosferdə keçən görüşdə razılaşmaya əsasən iyulda üçtərəfli görüşlərin növbəti mərhələsinin Brüsseldə keçirilməsi təsdiqlənib. Deyə bilərik ki, Avropa İttifaqının iki ölkə arasındakı münasibətləri tənzimləmək cəhdləri, həmçinin bu platformada keçirilən üçtərəfli görüşdə Azərbaycanın ərazi bütövlüyünün tanınması İttifaqla aramızda olan iqtisadi tərəfdaşlıqda müsbət rol oynayır. Bu gün Azərbaycan Aİ-nin üçdəbiri ilə strateji müttəfiqdir. Və Avropanın Cənubi Qafqazda ən çox ticarət dövriyyəsi də dövlətimizin payına düşür.
Mayın 25-də daha bir önəmli tədbirə dəvət alan dövlətimizin başçısı bu dəfə Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib. Lakin qeyd etmək lazımdır ki, Azərbaycan Avrasiya İqtisadi Birliyinin (AİB) üzv dövləti olmasa da, mütəmadi olaraq MDB sammitlərində üzv dövlətlərlə, ikitərəfli və çoxtərəfli əməkdaşlıq edir. Ermənistan istisna olmaqla AİB-ə daxil olan ölkələrlə iqtisadi münasibətlər isti xarakter daşıyır. Ölkə başçısı çıxışında qeyd etdi ki, Azərbaycanın 2022-ci ildə AİB ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar olub. 2023-cü ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb Ötən il AİB-ə üzv ölkələrin Azərbaycanın xarici dövriyyəsində payı 9 faizə yaxın olub. Rusiya ilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə Mərkəzi Asiya dövlətləri ilə orta dəhliz və enerji daşımalarının həyata keçirilməsində xüsusi önəm daşıyır.
Azərbaycanı regionda lider ölkəyə çevirən digər bir amil də nəqliyyat sahəsində zəngin potensiala sahib olmasıdır. Ölkəmiz Xəzərdə ən çox yük donanmasına və hava nəqliyyatında ən çox yükdaşımaya malikdir. Hər şeydən öncə, vurğulamaq lazımdır ki, Azərbaycan beynəlxalq və regional səviyyədə hüquq ilə tənzimlənən münasibətlərə hörmətlə yanaşır. Üzərinə düşən öhdəliklərə dəqiqliklə əməl edir. Bu da ölkəmizi beynəlxalq siyasi və iqtisadi proseslərin iştirakçısı kimi cəlbedici edir.
Musa BAĞIRLI,
"Respublika".