Muzdlu
Siyasət

Muzdlu "muxbir"lərin əməlləri

Azərbaycanda media və söz azadlığı hüququ qorunur. Qanunla müəyyən olunmuş qaydada media resursları qeydiyyata alınır, reyestrdən keçir və  azad şəkildə öz fəaliyyətini qurur. Buna görə də heç bir media nümayəndəsinə və hər hansı bir jurnalistə təzyiq göstərilmir. Çox təəssüflər olsun ki, bəzi insanlar bu fikirləri səhv salırlar. Söz azadlığı o demək deyil ki, sən qanunsuz hərəkətlər edəsən, cinayətkar qruplara daxil olub, hər hansı bir qanunsuz hərəkətlərə yol verəsən, xaricdən maliyyə alıb, ölkə daxilində onların çirkin sifarişlərini yerinə yetirəsən. Bunlar tam fərqli anlayışlardır. "Bir insanın azadlığı digər insanın azadlığının sərhədlərinə qədərdir" anlayışını təəssüflər olsun ki, bəzi "media qurumları" anlamır və anlamaq da istəmir.

Ümumiyyətlə, istər "Abzas", istərsə də "Toplum TV" əməkdaşları, rəhbərliyi və bəzi media nümayəndələri aldıqları pullar qarşılığında ölkə daxilində digər insanların şərəf və ləyaqətini təhqir etmək, qanunsuz hərəkətlərə yol vermək, xarici orqanların sifarişlərini yerinə yetirmək şakərinə tutulublar. Onlar bunu söz azadlığının nümunəsi kimi təqdim etməyə çalışırlar. Ancaq əlbəttə ki, bu, belə deyil. Dünyanın ən demokratik ölkəsində belə fəaliyyət göstərən media resurslarına müəyyən qaydalar qoyulur ki, o qaydalara riayət olunmalıdır. Təbii ki, hər kəs tənqid etmək haqqına sahibdir. Hazırda Azərbaycanda ən real formada hakimiyyət nümayəndələrini və dövlət rəsmilərini tənqid edən kifayət qədər media resursları var və onlar da tam sərbəst şəkildə fəaliyyətlərini davam etdirirlər. Ancaq təəssüflər olsun ki, bəzi media qurumlarına xaricdən külli miqdarda maliyyə vəsaiti ayrılır və məcbur edilirlər ki, dövlətimizin əleyhinə feyk məlumatlar yaysınlar. Bu məqamda bir sual yaranır ki, niyə hər hansı bir kiçik internet resursuna və yaxud da sosial şəbəkələr üzərindən yayımlanan internet televiziyasına bu qədər maliyyə ayrılır və bu vəsaiti kim və nə  üçün verir? Əlbəttə, araşdırsaq görəcəyik ki,  bu heç də "media azadlığı"  məsələsi deyil. Yəni o pullar həmin televiziyaların, media resursları rəhbərliyinin şəxsi istifadəsi üçün verilir və təbii ki, qarşılığında onlardan dövlət, xalq əleyhinə təxribat dolu məlumatlar yaymaq tələb olunur. Məlumatların insanlara çatdırılması ilə bağlı müxtəlif yollar araşdırılır, hakimiyyət nümayəndələri təhqir olunur, dövlət nümayəndələrinin imiclərinə zərər vurulur. Bəs bu maliyyə haradan gəlir? Maliyyənin ən son nöqtəsi erməni lobbisinə bağlanır. Hələ ki, istintaq davam edir. Yəqin ki, yaxın günlərdə istintaq başa çatanda həmin maliyyənin haradan gəldiyini  onlar özləri etiraf edəcəklər.                             

Ramiz ALIYEV,

politoloq.