Avropa Parlamentinin nümayəndələrinə Cənub Qaz Dəhlizinin genişləndirilməsi planları barədə məlumat verilib
Siyasət

Avropa Parlamentinin nümayəndələrinə Cənub Qaz Dəhlizinin genişləndirilməsi planları barədə məlumat verilib

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, Parlamentin üzvü Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Avropa İttifaqı ilə enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun təbii qaz təchizatı, bərpaolunan enerji, yaşıl hidrogen, enerji effektivliyi, ətraf mühitin mühafizəsi və sair kimi istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əhəmiyyəti vurğulanıb.

Azərbaycanın karbohidrogen resursları, Cənub Qaz Dəhlizinin genişləndirilməsi planları, ölkəmizin bərpaolunan enerji potensialı, özəl investisiyaların cəlbi ilə bu təbii resurslardan enerji keçidi prosesində səmərəli istifadə və "yaşıl enerji" ixracı, enerji effektivliyi, iqlim dəyişikliyinə qarşı mübarizə istiqamətində hədəflər, Qarabağ və Şərqi Zəngəzurda Yaşıl Enerji Zonasının yaradılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib və parlament nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

AZƏRTAC