Müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir
Siyasət

Müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir

Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi böyük dövlət xadimi, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hələ sağlığında canlı əfsanəyə çevrilmiş, əməlləri ilə Vətənə və xalqa sədaqət nümunəsi olmuşdur.

Hələ 1969-1982-ci illərdə Azərbaycana uğurla rəhbərlik edən, 1982-1987-ci illərdə SSRİ kimi nəhəng bir dövlətin rəhbərliyində önəmli yer tutaraq adını dünyanın XX əsr siyasi tarixinə qızıl hərflərlə yazan Heydər Əliyevin respublikamızda hakimiyyətə qayıdışı xalqımızın israrlı tələbi, ozamankı iqtidarın və digər, ictimai-siyasi qüvvələrin təkidli xahişləri əsasında baş vermişdir.

1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa edən respublikamız 1993-cü ilin iyununa qədərki müddətdə dövlət çevrilişləri, böhranlar, xaos və çaxnaşmalarla qarşılaşmışdı. Həmin ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda xalqımız Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bağlı təkidlə xahiş etmişdir. Çünki belə bir vəziyyətdə Azərbaycanın əsl xilaskara ehtiyacı vardı. Artıq hamıya aydın idi ki, paytaxtdakıların heç biri - nə iqtidar, nə də o dövrdə hakimiyyətə iddialı olan müxalif qüvvələr ölkəni düşdüyü iflic vəziyyətdən çıxara bilməyəcək. Həmin vaxt hamının nəzəri Naxçıvana dikildi. Azərbaycanın yalnız Heydər Əliyevin təcrübəsi, müdrikliyi, iradəsi ilə xilas olunacağına hamılıqla inanılırdı. Heydər Əliyev son ümidlərin yeganə ünvanı idi. Çünki böyük öndərin ölkənin taleyində oynayacağı rolu da, gücü də hər kəsə bəllidi. Ona görə də Azərbaycan dövlətçiliyinin, 70 ildən sonra qazanılmış müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalq öz liderini hakimiyyətə gəlməyə, dövlətimizi xilas etməyə dəvət etdi.

Gəncədə baş verən qiyamın yatırılması, ölkənin vətəndaş müharibəsindən və qardaş qırğınından qurtulması iyun ayının 9-da Naxçıvandan Bakıya dəvət edilən Heydər Əliyevin üzərinə təkcə vətəndaş kimi yox, həm də ümummilli vəzifə kimi düşmüşdü. Heç kim risk edib qiyamçı dəstənin qarşısına çıxmaq istəmirdi. Həmin ağır günlərdə bütün ölkənin, o cümlədən iqtidar təmsilçilərinin ümid etdiyi yeganə şəxsiyyət Heydər Əliyev idi. Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə siyasi tələb deyildi, bu, artıq dövrün ictimai tələbatına çevrilmişdi. Hətta iş o yerə çatmışdı ki, AXC-Müsavat təmsilçiləri parlamentin iyunun 15-də keçirilən iclasında Heydər Əliyevdən öz təhlükəsizlikləri üçün təminat istəmişdi. Onları nəinki siyasi, həm də fiziki cəhətdən məhv olmaqdan məhz Heydər Əliyev xilas etdi. "Əgər mən bu işə öz vicdanımın tələbi ilə, ən çox Azərbaycan əhalisinin cürbəcür təbəqələrinin nümayəndələrinin təkidi və tələbi ilə, Azərbaycan prezidenti Əbülfəz Elçibəyin xahişi ilə cəlb olunmuşamsa, deməli, mən burada bu işlərin həll olunması üçün bütün imkanlarımdan istifadə edəcəyəm. Bu barədə heç kəsin şübhəsi qalmasın", - deyən Heydər Əliyev öz missiyasını yerinə yetirməyə başladı və qısa müddət ərzində ölkədə sabitlik yaratdı.

Tarixçilərin, politoloqların indi də, gələcəkdə də o dövrü daim araşdıracaqları mühüm məqamlar var ki, bütün bu məsələlərə müstəqil respublikamızın son illərdə keçdiyi inkişaf yoluna nəzər salmaqla müəyyən qədər onlara cavab tapa bilərik.

Hələ 1993-cü ilin iyununda "Bu ağır vəziyyətdən çıxmaq üçün - baxmayaraq ki, mən bunu istəmirəm, - Ali Sovetin sədri kimi fəaliyyət göstərməyə hazıram. Mən bu yola ancaq xalqın ağır vəziyyətdən çıxmasında müəyyən fəaliyyət göstərmək üçün gedirəm, başqa məqsədim yoxdur",-deyə bəyan edən Heydər Əliyev xalqın müdrikliyinə və böyük potensialına arxalanaraq hamını birləşdirdi və ölkəni təhlükəli vəziyyətdən çıxarmağa nail oldu.

1993-cü il oktyabrın 3-də milyonların etimadı nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Üzərinə götürdüyü məsuliyyətin ağırlığından çəkinməyərək xalqının zəkasına, qüdrətinə inandığını bildirirdi: "Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm".

Andiçmə mərasimində verdiyi vədləri həmişə olduğu kimi xalqına sədaqəti ilə doğruldan, "Mən ömrümün qalan hissəsini də xalqıma həsr edəcəyəm" söyləyən Heydər Əliyev bu andına daim sadiq qalaraq, "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" söyləməklə də Vətəninə, xalqına bağlılığını ifadə etdi.

1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi bacarığı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissini yaratmağı bacardı. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir imkanları böyük olan Heydər Əliyev həmişə öz sözü, öz çəkisi ilə seçilmiş, ümumxalq məhəbbəti qazanmışdır.

Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev ən bacarıqlı siyasi xadimlərin edə bilmədiyini və edə bilməyəcəyini gərçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutmuşdur.

Xalq ulu öndər Heydər Əliyevi 1993-cü ilin iyununda hakimiyyətə dəvət edərkən ilk növbədə Azərbaycanın xilasını nəzərdə tuturdu. Çünki bu vəzifənin yerinə yetirilməsindən kənarda Azərbaycanın müstəqillik, dövlətçilik ideyasının həyata keçirilməsi mümkün deyildi. Yəni öncə Azərbaycanı məhv olmaqdan xilas etmək, həmin dövr üçün həddindən artıq həm aktual, həm də çətin vəzifələri yerinə yetirmək gərək idi. Ona görə də insanlar böyük öndərin hakimiyyətə gəlməsini arzulayarkən və bu çağırışları ümummilli liderə ünvanlayarkən, ilk növbədə Azərbaycanın xilasını nəzərdə tuturdular. Bu qayıdış təkcə Heydər Əliyev ömrünün deyil, həm də bütün tariximizin xüsusi mərhələsi, əsaslı dönüş nöqtəsidir. Dahi şəxsiyyətin ikinci dəfə siyasi rəhbərliyə gəlişi xalqımızın itirilmiş inamını özünə qaytardı, onun sabaha, gələcəyə ümidini artırdı.

Tarix də sübut etdi ki, Azərbaycan yalnız böyük öndərin qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirə bildi. Böyük öndərin dərin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qaldı, ölkəmiz dünyada özünə layiqli yer tutdu.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, qısa müddət ərzində sivil və hüquqi dövlət quruculuğu işlərinə başlandı. Milli Ordunun formalaşması, nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın erməni işğalından azad olunması və müdafiəsi ilə bağlı mühüm addımlar atıldı, atəşkəsə nail olundu.

Müstəqillik illərində Heydər Əliyevin rəhbərliyi Azərbaycanın təbii sərvətlərindən, coğrafi-strateji mövqeyindən milli mənafelərə uyğun istifadə edilməsinə yönəldilmiş beynəlxalq iqtisadi sazişlərin imzalanması (20 sentyabr 1994-cü ildə “Əsrin kontraktı”) və nəhəng layihələrin həyata keçirilməsi dövrüdür. 1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanması (böyük öndər demişdir ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir) və dünya iqtisadiyyatına inteqrasiya uğrunda mübarizə dövrü kimi yazılmışdır. Müstəqilliyimiz qorunub möhkəmləndikcə, dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı. 1995-ci ildə Azərbaycanın ilk Milli Konstitusiyası qəbul edildi, mənəvi sərvətlərimizə, dilimizə, dinimizə, tarixi irsimizə qayğı dövlət səviyyəsinə qaldırıldı, əlifba islahatı həyata keçirildi. Başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi və dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni milli ideologiyanın əsası qoyuldu. Heydər Əliyev erası dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş milyonlarla azərbaycanlını milli məfkurə əsasında birləşdirib onların tarixi vətənlərinə və dövlətinə bağlanmasını, Azərbaycan diasporunun yaradılmasını və möhkəmləndirilməsini təmin etdi.

Ümumiyyətlə, müasir tariximizdə 1993-2003-cü illər Azərbaycanın demokratik prinsiplərə sadiq bir dövlət kimi inkişafında mühüm bir dövr olmaqla, dünya birliyinə inteqrasiya yolunda ona çox böyük nailiyyətlər qazandırdı. Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi, gərgin zəhməti və təşəbbüskarlığı, yaradıcı dühası və beynəlxalq nüfuzu olmadan bütün bunları və bügünkü nailiyyətləri əldə etmək mümkünsüz idi.

Bu bir həqiqətdir ki, əgər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtmasaydı, müstəqil Azərbaycanın parçalanıb məhv olmaq təhlükəsi reallaşar, indiki güclü, qüdrətli dövləti qurmaq mümkün olmazdı.

Ona görə də bu qayıdış daha möhtəşəm oldu. Heydər Əliyev ümidlə, inamla yolunu gözləyən xalqının arzusu ilə yenidən hakimiyyətə gəldi, milyonları öz ətrafında, bir bayraq altında birləşdirə bildi. Sözünün qüdrəti ilə hər kəsi inandırdı. Əməlləri ilə sözünü gerçəkləşdirdi.

Azərbaycan dövlət quruculuğu prosesini sürətlə keçdi. Çünki ulu öndər Heydər Əliyevin yaratdığı təməl prinsiplər düzgün yerinə yetirilmişdi. Dahi siyasi xadimin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrildi, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil etdi. Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaratdı, müstəqil və demokratik cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəldi. Böyük öndərin quruculuq salnaməsi azərbaycanlıların həyatına birdəfəlik daxil oldu. Onun Azərbaycana rəhbərlik illəri milli intibah dövrü kimi əbədiləşdi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin fəaliyyətini belə qiymətləndirmişdir: "İndiki müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycanda Heydər Əliyevin siyasəti yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşir".

Yusif NƏSİBOV,

"Nəzər" kənd təsərrüfatı

məhsullarının istehsalı və emalı

müəssisəsinin direktoru, sahibkar.