AŞIQ POEZİYASINI ZİRVƏLƏRƏ YÜKSƏLTMİŞ SƏNƏTKARIN YUBİLEYİ
Mədəniyyət

AŞIQ POEZİYASINI ZİRVƏLƏRƏ YÜKSƏLTMİŞ SƏNƏTKARIN YUBİLEYİ

Aşıq Ələsgər Azərbaycan xalq poeziyasının ən qüdrətli nümayəndələrindən biridir. Məzmun və forma rəngarəngliyi ilə seçilən şeirləri aşıq poeziyasını daha da zənginləşdirmiş, ədəbiyyatımıza misilsiz töhfələr bəxş etmişdir.

Bu il görkəmli söz ustadının anadan olmasının 200 illiyi tamam olur. Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sistemində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsinin yubileyi geniş qeyd olunmuşdur.

Lənkəran MKS-nin direktoru Nuranə Nəsirova Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı Aşıq Ələsgərin zəngin və keşməkeşli həyatı və bədii yaradıcılığı haqqında məruzə edib. Bildirib ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənətinə xalq ruhuyla həmahəng səslənən, yüksək bədii-estetik məzmuna malik poeziyası ilə yenilik, novatorluq gətirmişdir.

Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini aşılayan, ana dilimizin saflığını, hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı ədəbiyyatımızın parlaq səhifələrindəndir. Aşıq Ələsgər çoxlu sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov görkəmli sənətkarın yubileylərinin ümummilli lider Heydər Əliyevin  təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edildiyini, 150 illik yubileyi keçirilərkən doğulduğu qədim Göyçə mahalının Ağkilsə kəndində qəbirüstü abidəsinin ucaldıldığını diqqətə çatdırıb. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba yurdlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş kimi daim yaşayır.

Ulu öndərin mədəniyyət sahəsində siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə respublikamızın hər yerində Aşıq Ələsgərin 200 illik yubileyi  ilə bağlı rəngarəng tədbirlər keçirilir. Görkəmli söz ustadının zəngin və dəyərli poetik irsinin tədqiqi, nəşri və təbliği sahəsində mühüm işlər görülür. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür,-deyə Şahin Şahbazov bildirib.

Tədbirdə mərkəzi kitabxananın əməkdaşları, 15 saylı kənd kitabxana filialının fəal oxucuları Aşıq Ələsgərin dəyərli poeziyasından nümunələr söyləyiblər.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.