Ali Məhkəmənin növbəti Plenum iclası keçirilib
Digər xəbərlər

Ali Məhkəmənin növbəti Plenum iclası keçirilib

Noyabrın 19-da Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenum iclası keçirilib.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Plenumda "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi geniş müzakirə olunub və təhlillər aparılıb.

Qeyd olunub ki, inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün həmin məhkəmələr tərəfindən çıxarılmış qərarların icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. Ölkəmizdə bu sahədə məhkəmə qərarlarının icrasında mövcud problemləri aradan qaldırmaq, hüquqi müdafiə mexanizmlərinin daha səmərəli və işlək olmasına nail olmaq, eləcə də həmin məsələlərə dair hüquq tətbiqetmə təcrübəsinin vahidliyini təmin etmək prioritet məsələlərdəndir.

Plenumda müzakirə olunan məsələ ilə bağlı qərar qəbul edilib.

Həmçinin "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 19 noyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi də müzakirəyə çıxarılıb və müvafiq qərar qəbul olunub.

Plenumda konkret işlərə də baxılıb.

AZƏRTAC