AHİK daha 400 qazi və şəhid ailəsini yollayışlarla təmin edib
Sosial həyat

AHİK daha 400 qazi və şəhid ailəsini yollayışlarla təmin edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası istər Birinci Qarabağ, istərsə də Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə, veteranlarına hər zaman xüsusi qayğı ilə yanaşır, onları diqqətdə saxlayır, bütün imkanlarından istifadə edərək maddi-mənəvi dəstək olur. Bu kateqoriyadan olan şəxslərə sağlamlıqlarının bərpası və qorunması, istirahətlərinin mənalı və səmərəli keçirilməsi üçün həmkarlar ittifaqları tərəfindən istirahət mərkəzlərinə və sanatoriyalara yollayışlar da mütəmadi olaraq verilir.

Həyata keçirilən işlərin davamı olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsi tərəfindən 400 nəfər qazi və şəhid ailəsi üzvünün 4 ay ərzində sanatoriya-kurort müəssisələrində müalicəsi və istirahətlərinin təşkili ilə bağlı qərar qəbul olunub. Qəbul olunmuş qərara əsasən, AHİK-in büdcəsindən 357 000 manat vəsait ayrılıb və Azərbaycan  Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub. Qeyd edək ki, həmin 400 nəfər qazi və şəhid ailələri üzvlərinə yollayışlar pulsuz olaraq verilir.

AHİK-in Mətbuat və ictimaiyyətlə

əlaqələr şöbəsi.