AZƏRBAYCAN  dünya  mediasında
Digər xəbərlər

AZƏRBAYCAN  dünya  mediasında

Vestnikkavkaza.ru: Həştərxan Heydər Əliyevin yüz illiyini konsert, işgüzar konfrans və hədiyyələrlə qeyd edib

"Vestnikkavkaza.ru" xəbər saytı Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər və işgüzar görüşlə bağlı xəbər yayımlayıb. Sözügedən yazıda, həmçinin bildirilir ki, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti mayın 8-də Həştərxan vilayətində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bir sıra bayram tədbirlərində olub.

Tədbirlərdən biri də "Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında ticarət-iqtisadi və humanitar əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən konfrans olub. Burada Həştərxan vilayətinin və Azərbaycan Respublikasının işgüzar dairələrinin və hakimiyyət orqanlarının nümayəndələri iştirak ediblər.

Həştərxan vilayətinin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, konfransda Həştərxan və Azərbaycan şirkətləri arasında işgüzar əlaqələrin daha da inkişaf etdirilməsi üçün yüksək potensialın olduğu vurğulanıb. Həmçinin sahibkarlıq fəaliyyətinin perspektiv inkişafı üzrə yol xəritəsi də müzakirə olunub.

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin, Nazirlər Kabinetinin üzvləri, Şahin Mustafayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Həştərxan Dövlət Opera və Balet Teatrında təşkil olunmuş bayram konsertində iştirak edib.

Azərbaycanın Xalq artisti Azər Zeynalov, Əməkdar artistlər, Akşin Abdullayev, Ramil Qasımov, Rəşad İlyasov və Lalə Məmmədova, həmçinin Həştərxan Dövlət Mahnı və Rəqs Ansamblı və "Xarıbülbül" Azərbaycan Rəqs Ansamblı öz repertuarlarının əsas mahnı və rəqslərini təqdim ediblər.

Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti 2011-ci ildə Azərbaycan hökumətinin maliyyəsi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunan Heydər Əliyev adına 11 nömrəli tam orta məktəbdə olub. Məktəbdə nümayəndə heyətinin üzvləri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məktəbdə "Həştərxan - Bakı" rəsm müsabiqəsi və "Dostluq telləri" fotomüsabiqəsi keçirilib, ən yaxşı əsərlər Azərbaycan nümayəndə heyətinə təqdim edilib. Həmçinin şagirdlər arasında şeir müsabiqəsi də keçirilib.

 

"CCBC":  Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya "Həmrəylik halqası" haqqında razılığa gəliblər

Bolqarıstanın "CCBC" xəbər saytı Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan və Azərbaycan arasında "Həmrəylik Halqası" haqqında memorandum imzalanması barədə məlumat yayımlayıb.

Məlumatda Anlaşma Memorandumunun Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman tərəfindən imzalandığı qeyd olunub. Yazıda dövlət başçısı İlham Əliyevin mərasimdə iştirak etdiyi bildirilib. Prezident İlham Əliyevin imzalanan memorandumun Azərbaycanın Avropaya daha çox qaz tədarük etməsinə imkan yaradacağı ilə bağlı səsləndirdiyi fikirlər də xəbərdə öz əksini tapıb. Dövlət başçısı deyib ki, Azərbaycan təkcə enerji sektorunda deyil, digər sahələrdə də Avropanın mühüm və sınaqdan çıxmış tərəfdaşıdır. Bundan başqa, Azərbaycanın enerji təchizatı coğrafiyasını 6 ölkədən ən azı 10 ölkəyə çatdıracağı da məqalədə qeyd olunub. Ölkə rəhbəri xatırladıb ki, ötən ilin iyul ayında imzalanmış "Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" Azərbaycandan Avropaya qaz tədarükünü artırmağa şərait yaradacaq.

 

"Sondakika": Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda təlim keçirib

Türkiyə və Azərbaycanın Silahlı Qüvvələri Qarsda "Heydər Əliyev-2023" təlimini davam etdirir.

Bu barədə Türkiyənin "Sondakika" saytı xəbər verib. Məqalədə qeyd olunub ki, Milli Müdafiə Nazirliyi sosial media hesablarında təlimin görüntülərini paylaşıb. Nazirliyin sosial şəbəkə hesablarında "Bir ürək, bir yumruq" şüarı ilə paylaşdığı görüntülər dosta güvən, düşmənə qorxu yaradıb.

 

Anadolu Agentliyi: Şuşada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv ölkələrin musiqi və rəqs qrupları çıxış edirlər

Türkiyənin Anadolu Agentliyi Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Xarıbülbül musiqi festivalı keçirilməsi ilə bağlı məlumat yayıb.

Şuşanın Cıdır düzündə start götürən festivalda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv ölkələrin, o cümlədən digər ölkələrin musiqi və rəqs kollektivləri çıxış ediblər. İştirakçılar arasında Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Respublikası, Macarıstan, Moldovanın Qaqauziya Muxtar Vilayəti, Özbəkistan, Qaraqalpaqstan Muxtar Vilayəti, Rusiyanın Altay, Xakasiya, Yakutiya, Tatarıstan və Tuva respublikaları da yer alıb.

 

Reuters:  BMT rəsmisi: "İran bu il 200-dən çox insanı edam edib"

İran bu il 209 nəfəri edam edib. Bu barədə nüfuzlu "Reuters" xəbər saytı məqalə yayımlayıb. Məlumata görə, bunu BMT-nin İnsan Haqları Bürosunun nümayəndəsi Ravina Şamdasani Cenevrədə keçirdiyi brifinq zamanı deyib.

"BMT-nin insan haqları üzrə komissarı Folker Türk bu il İranda edamların sayının qorxulu dərəcədə çox olmasından narahat olduğunu bildirib", - o söyləyib.

R.Şamdasani qeyd edib ki, İranda hər həftə orta hesabla 10-dan çox adam edam edilib. Ölüm hökmlərinin əksəriyyəti isə narkotiklə əlaqəli cinayətlərə görə olub.

"Respublika".