Digər xəbərlər

"Heydər Əliyev İli" çərçivəsində tədbirlər

Balakən

"Heydər Əliyev İli" ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Balakən rayon təşkilatı martın 10-da Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə tədbir keçirib.

Əvvəlcə ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb. Tədbirdə Dövlət Himni səsləndirilib.

Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, tədbiri giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev bildirib ki, Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır: "Ulu Öndər öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmiş, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərmişdir. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir".

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalı fəxri fərman ilə təltif edilib. YAP sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

 

Ağacəkmə aksiyası

"Heydər Əliyev İli" çərçivəsində Yeni Azərbaycan Partiyasının Xaçmaz, Laçın, Ağdam, Ağstafa, Naftalan, Zərdab, Lənkəran, Saatlı rayon və şəhər təşkilatları yerli icra hakimiyyətləri ilə birgə ağacəkmə kampaniyası keçirib.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Kampaniyada YAP-ın yerli təşkilatlarının rəhbərləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şam, çinar, zeytun və sərv olmaqla ümumilikdə 3000-ə qədər müxtəlif növ ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.

Xaqani KOSAYEV,

“Respublika”.