Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ
Ekologiya

Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət yasaqlıqları seriyasından Zaqatala Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

 

Zaqatala Dövlət Təbiət Yasaqlığı

Zaqatala rayonu Azərbaycanın şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub yamacları, Qanıx-Əyriçay vadisində yerləşir. Cənubdan Gürcüstan Respublikası, qərb və şərqdən Balakən və Qax rayonları ilə həmsərhəddir. Zaqatala inzibati rayonu 1830-cu ildə təşkil edilmişdir. Rayonun ümumi sahəsi 1348 kvadratkilometrdir, əhalisi isə 126900 nəfərdir (2017). Burada azərbaycanlılarla bərabər iyirmindən çox xalqın nümayəndələri də yaşayır (ruslar, ukraynalılar, gürcülər, laklar, avarlar, udinlər, türklər, yəhudilər, tatarlar və s.).

Ərazi əsasən, dağlıq və aran hissədən ibarətdir. Zaqatalaya 1840-cı ildən şəhər statusu verilmişdir. Çox əsrarəngiz təbiətə malik iqlimi isti-mülayimdir. Rayon zəngin təbii ehtiyatlara malikdir. Burada turizmin, mebel, tikinti sənayesinin, ovçuluğun, dərman bitkiləri tədarükü və emalı sənayesinin inkişaf etdirilməsi üçün kifayət qədər potensial imkanlar var. Ərazinin ümumi sahəsinin 37,8 faizdən çoxunu meşə örtüyü sahələri təşkil edir. Meşələrdə təqribən 4,5-6 milyon kubmetr oduncaq ehtiyatı mövcuddur. Meşələrin 85 faizi dağlıq ərazidə yerləşir. Meşələrində qiymətli ağac növlərindən - şabalıd, qoz, Eldar şamı, ağ şam, palıd, fıstıq, vələs, cökə, dəmirağacı, qarağac və s. ağac növləri vardır ki, bunlar da mebel sənayesində istifadə edilir.

Zaqatalanın ərazisində zoğal, əzgil, alça qarı radodendron, gəndəlaş, Qafqaz çayı, müxtəlif növ böyürtkən və başqa kol bitkiləri; heyvanlardan isə əsasən dağ keçisi, Qafqaz maralı, qaban, qonur ayı, tülkü, dələ, canavar, vaşaq, tetra quşu və digər vəhşi heyvanlar yayılmışdır.

Zaqatala çox zəngin flora və faunaya malik olan rayondur. Onun əlverişli relyefə malik olması ərazidə yaşayan heyvan növlərinin artıb çoxalmasına imkan yaradır. Respublikada mövcud olan 340 quş növündən 104-ü, 92 növ məməlidən 42-si rayon ərazisində mövcud olan arsallar üzrə yayılmışdır. Ərazisində minə qədər bitki növü, o cümlədən 50-yə qədər dərman bitkisi bitir. Zaqatalada qədim Dövlət Qoruğu və yasaqlıqlar ekoturizmin inkişafı üçün mühüm rol oynayır. Rayonun ərazisində çoxsaylı tarix və mədəniyyət abidələri var.

2008-ci ilin noyabr ayında Zaqatala və Balakən rayonlarının inzibati ərazisində yerləşən yay otlaqları, Balakən meşə mühafizəsi və bərpası müəssisəsinin meşə fondu torpaqları hesabına 6557 hektar ərazidə Zaqatala Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. Yaradılmasında əsas məqsəd Zaqatala Dövlət Təbiət Qoruğu ilə həmsərhəd yerləşən sahələrdə vahid ekosistemin əhatə edilməsi və bioloji müxtəlifliyin qorunub saxlanılması, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin miqrasiya yollarının qorunmasıdır. Yasaqlığın ərazisi flora tərkibli dağlıq meşələrdən və dağlıq çəmənliklərindən ibarətdir. Floranın çox növü burada mövcuddur. Yasaqlıqda palıd, vələs, fıstıq, göyrüş, ayı fındığı, quş armudu, cökə ağacları bitir. Meşələrdə dəmirqara, qara murdarça, alça, zoğal, gəndəlaş və başqa kol bitkiləri geniş yayılıb. Məməlilərdən isə vaşaq, kəfkər, quşlardan iri qırğı, bərbud, Qafqaz uralı və s. Azərbaycanın; yırtıcı quşlardan toğlugötrən, Qafqaz şahini, dünya "Qırmızı Kitab"ına daxil edilmişdir. Bunlardan başqa, ərazidə maral, cüyür, qaban, tülkü, meşə pişiyi, sincab, vaşaq, ayı və digər müxtəlif növ heyvanlar məskunlaşmışdır.

Əli SADIQOV,

"Respublika".