Bölgə xəbərləri
Region

Bölgə xəbərləri

Şirvan

Ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə Şirvan şəhərində mövcud yaşıllıqlara mütəmadi qulluq göstərilir. Şəhər Yaşıllaşdırma Təsərrüfat İdarəsi tərəfindən xidməti ərazilərdə bir sıra işlər görülmüşdür. Ağacəkmə kampaniyasına hazırlıq məqsədilə  Şəhidlər Xiyabanının arxa hissəsində ağac yerləri qazılmış, Naxçıvan küçəsində şumlama işləri aparılmış, yeni salınmış M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında qazonların biçilməsi, ağacların suvarılması məqsədilə su çalalarının qazılması və şumlama işləri görülmüşdür. Hazırda Heydər Əliyev parkında yararsız hala düşmüş tamet və bordürlərin yenisi ilə əvəz edilməsi istiqamətində işlər aparılır.

Ağacəkmə kampaniyası uğurla başa çatmış, şəhərin ayrı-ayrı küçə və meydançalarında yeni yaşıllıq zolaqları salınmışdır.

Kürdəmir

Kürdəmir rayonunda uzun illər fəaliyyət göstərən pambıq zavodu bu gün də əvvəlki ritmlə işləyir.“Kürdəmir-Pambıq” ASC-nin pambıq emalı zavodunda 80-dən çox işçi çalışır. “Kürdəmir-Pambıq”ASC-nin sədri Mahir Qəribovdan aldığımız məlumata görə, illik istehsal gücü 30 min olan zavodda mövsümün qızğın çağıdır. Tarlalardan toplanan “ağ qızıl”ın qəbulu standartlara uyğun aparılır, fermerlər zavodda yaradılan şəraitdən razılıq edirlər. Zavodda istehsal olunan məhsullar xarici bazarlara çıxarılır.                                 

Hacıqabul

Hacıqabul Rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında müalicə alan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən Müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Hacıqabul şəhər sakini, Vətən Müharibəsi iştirakçısı, ikinci qrup əlil  Rabil Həsənqulu oğlu Həmidovu və Vətən Müharibəsinin şəhidi, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Şorbaçı kənd sakini Kənan Sənan oğlu Bədəlovu ziyarət etdi.

Hər iki şəxsin müalicəsinin davam etdirilməsi üçün Hacıqabul Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkimlərinə tapşırıqlar verilib, xəstələri nəzarətdə saxlamaq tövsiyə olunub.

Xaçmaz: Hərbi Qənimətlər Parkında

Hərbi vətənpərvərlik tərbiyəsi Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin fəaliyyətində olduqca önəmli yer tutur. İdarə tərəfindən bu istiqamətdə ardıcıl və məqsədyönlü iş aparılır. Gənclərin iştirakı ilə tez-tez maraqlı, məzmunlu kütləvi tədbirlər həyata keçirilir. Növbəti belə bir tədbir Vətən müharibəsi qaziləri və veteranlarının da iştirak etdiyi Bakı şəhərindəki Hərbi Qənimətlər Parkının və II Fəxri Xiyabanın ziyarəti olmuşdur.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkında düşməndən qənimət götürülən hərbi texnikanın bir hissəsi, ümumilikdə, 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat vasitələri sərgilənir.

Sonra gənclər II Fəxri Xiyabanı ziyarət edərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən, erməni işğalçıları ilə döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, xatirələrini dərin hörmət və ehtiramla yad ediblər.

 “Respublika”.