Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ
Ekologiya

Ecazkar və füsunkar: TƏBİİ SƏRVƏTLƏRİMİZ

Azərbaycan çox zəngin yeraltı və yerüstü təbii sərvətlərə malikdir. Təbiətin yaratdığı və yaxud insan əməyinin məhsulu olan bu incilər dövlət tərəfindən xüsusi mühafizə olunur və davamlı tədbirlər həyata keçirilir. Park və qoruq yerlərinin əksəriyyəti təbii iqlim şəraitinə görə əlverişlidir. Təbiət yasaqlıqları da daxil olmaqla park və qoruqlar turist cəlbi baxımından da əhəmiyyətlidir.

Hazırda ölkəmizdə ümumi sahəsi 892546,49 hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Dövlət təbiət qoruğu mövcud təbiət kompleksləri qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət ərazisidir.

Dövlət təbiət yasaqlığı təbiət komplekslərinin və onların komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanılması üçün əhəmiyyət daşıyan sahəsidir.

Milli Parkın yaradılmasında məqsəd ərazidə müxtəlif növ heyvanların qorunub saxlanması ilə yanaşı, ekoloji monitorinqin həyata keçirilməsi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm üçün əlverişli şərait yaradılmasından ibarətdir.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Milli parklar ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbii komplekslərin yerləşdiyi və təbiəti mühafizə, istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Respublikamızın ərazisində yerləşən milli parkların hər biri landşaftına, flora və faunasına görə fərqlənir və maraq doğurur.

Qəzetimizin bu sayında Təbiət yasaqlıqları seriyasından Qusar Dövlət Təbiət Yasaqlığı haqqında yazını dərc edirik.

"Respublika".

Qusar Dövlət Təbiət Yasaqlığı

Qusar rayonu coğrafi mövqeyinə görə Azərbaycanın “Şimal qapısı” adlandırılır. 1929-cu ildə Quba qəzası ləğv edilərək rayonlara bölünmüş və mərkəzi Hil kəndi olmaqla indiki Qusar rayonu yaradılmışdır. 1934-cü ildə rayon mərkəzi Qusara köçürülmüş və 1938-ci ildə bura şəhər statusu verilmişdir. Azərbaycanın ən hündür nöqtələri olan Bazardüzü (4466 m) və Şahdağ (4242 m) zirvələri,  eləcə də məşhur Şahdağ yaylağı Qusar rayonunun ərazisindədir. Şimal inzibati sərhədi Samur çayından, şimal-qərb, qərb və cənub-qərb ərazisi Böyük Qafqaz silsiləsindən, cənub sahəsi isə Qusarçay vadisindən keçir. Ölkəmizdə  mövcud olan 9 iqlim tipinin 4-nə  Qusar rayonu ərazisində rast gəlinir.  

 Qusar Dövlət Təbiət Yasaqlığı 1964-cü ilin iyulunda Qusar rayonunda  yaradılmışdır. Yasaqlığın təşkil olumasında məqsəd buradakı bir sıra ov əhəmiyyətli məməli heyvanları və quşları qoruyub saxlamaqdır. Ərazisi 15 min hektardır.

Yasaqlıq relyefinə görə ovalıq, dağətəyi və dağlıq hissələrə bölünür. İqlimi düzənlik və dağətəyi hissədə mülayim isti, yüksək dağlıqda soyuq və rütubətlidir. İllik yağıntıların miqdarı 350-1500 mm-dir. Torpaq örtüyü şabalıdı, boz-qonur, dağ-çəmən və dağ-meşə torpaqlardan ibarətdir. Burada 200 adda bitki və heyvanat aləmi mövcuddur. Meşə sahəsində fıstıq, vələs, palıd  yayılmışdır. Kol bitkilərindən yemişan, zoğal, armud, alça, alma, itburnu, böyürtkən, qaratikana təsadüf edilir.

Yasaqlıqda  çöl donuzu, cüyür, canavar, meşə pişiyi, qamış pişiyi, çaqqal, Amerika yenotu, boz dovşan və s. məməlilər,  turac, adi kəklik, bildirçin, çöl göyərçini, yaşılbaş ördək, fitçi ördək, fitçi cürə və digər quşlar yayılmışdır.

Kamil İSMAYIL,

“Respublika”.