Qəhrəmanlar unudulmur
Digər xəbərlər

Qəhrəmanlar unudulmur

44 gün davam edən Vətən müharibəsində, torpaqlarımızın yağı düşməndən azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq, şücaətlər göstərərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də Ülvi Rəfail oğlu Rəfiyevdir.

Ülvi Rəfiyev 1996-cı il avqust ayının 16-da Ordubad rayonunda anadan olmuşdur. 2002-ci ildə Bakı şəhər Xətai rayonu 263 saylı tam orta məktəbin 1-ci sinfinə getmiş və 2013-cü ildə həmin məktəbi bitirmişdir. Sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat və menecment fakültəsinin Sənayenin təşkili və idarə olunması ixtisası üzrə ali təhsil almışdır. O, həmçinin professional olaraq rəqslə də məşğul olurdu. Belə ki, 2015-ci il Bakı Avropa oyunlarının açılış mərasimində, 2017-ci il İslam Həmrəyliyi oyunlarında və 2017-ci il Formula 1-in açılış mərasimlərində rəqqas kimi iştirak etmişdir.

2017-ci ildə universiteti bitirdikdən sonra Vətənin müdafiəsinə yollanıb və 2018-ci il tarixində hərbi xidmətini başa vurub. İkinci Qarabağ savaşı başlayanda könüllü olaraq Vətənin müdafiəsinə qoşularaq özünü nümunəvi, vətənpərvər bir hərbçi kimi göstərdi. Füzulinin, Cəbrayılın alınmasında döyüş yoldaşları ilə bərabər qəhrəmancasına vuruşdu. Bu istiqamətdə gedən şiddətli döyüşdə düşmən geri çəkilmək istəmir, getdikcə daha güclü müqavimət göstərirdi, top və minaatanlardan atəş açırdılar. Güclü döyüşün və atəşin altında Ülvinin yanında güclü partlayış olur. O, belindən aşağı güclü bir ağrı hiss edir. Bu an Ülvi özündə cəsarət tapıb ayağa qalxmaq istəyir, lakin bu mümkün olmur. Yanındakı dostları köməyə gəlir, qan itirməsin deyə ayağını dizdən yuxarı bağlayırlar. Dostları onu hospitala yola salırlar.

Ülvi yolda çox qan itirdiyindən dünyasını dəyişir.

Ülvi Rəfail oğlu Rəfiyev xoşbəxt bir ailənin ilk övladı idi. O, həm də Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin nəslindəndir. O, sevilə-sevilə böyüdü, böyüdükcə də ailəsevər, vətənpərvər bir gənc kimi ətrafdakılara nümunə oldu. Çünki doğulduğu ailə halal, zəhmətkeş və kökünə bağlı idi.

Atası Rəfail bəy də Ordubadın ən ziyalı insanlarından biridir. Ülvini bütün qohumları, o cümlədən babası və nənəsi də çox sevirdi. O qədər saf və mehriban idi ki, onu sevməmək mümkün deyildi. İkinci Qarabağ müharibəsi başlayanda artıq dörd ay idi ki, sevdiyi qızla nişanlanmışdı. Düşünürdü ki, hər şey tezliklə qurtarar, qohumları və dostlarının şahidliyi ilə yaxşı bir toy mərasimi düzənləyər. Ancaq qəhrəman şəhidimiz Ülvinin bu arzuları yarımçıq qaldı. Qəhrəmancasına həlak olan Ülvi Suraxanı rayonundakı "Dədə Qorqud" qəbiristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ülvi Rəfiyev ölümündən sonra "Vətən uğrunda, "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Əli SADIQOV,

"Respublika".