ZƏRƏRLİ VƏRDİŞLƏRƏ QARŞI MÜBARİZƏ GÜCLƏNDİRİLMƏLİDİR
Sosial həyat

ZƏRƏRLİ VƏRDİŞLƏRƏ QARŞI MÜBARİZƏ GÜCLƏNDİRİLMƏLİDİR

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq cəmiyyəti ciddi narahat edən sosial problemlərdən biridir. Mənəvi və intellektual potensialının aşınmasına, genefondun tənəzzülünə və digər mənfi hallara əsas səbəbdir. Respublikamızın digər regionlarında olduğu kimi, Lənkəran rayonunda da narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ardıcıl mübarizə aparılır. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin kollektivi bu istiqamətdə mübarizə tədbirlərini gücləndirməklə yanaşı, maarifləndirmə, profilaktik işlərin aparılmasına da üstünlük verir.

Şöbənin təşkilatçılığı ilə rayonun təhsil ocaqlarında müntəzəm tədbirlər keçirilir, yeniyetmə və gənclərə "ağ ölüm"ün fəsadları barədə müfəssəl məlumatlar verilir. Növbəti tədbir M.Bağırov adına Lənkəran şəhər 1 nömrəli tam orta məktəbdə "Gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması" mövzusunda təşkil olunub. Məktəbin direktoru Zaur Ağazadə tədbiri açaraq mövzunun aktuallğından, bu barədə şagirdlərə məlumatların verilməsinin əhəmiyyyətindən danışıb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov tədbirdə çıxış edərək bildirib ki, narkomaniya, narkotiklərin qanunsuz istehsalı və yayılması bəşəriyyəti narahat edən ən təhlükəli və qlobal problemlərdəndir.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran üzrə sektorunun müdiri Elman Rzayev, polis baş leytenantı Tahir Gənciyev narkomaniyanın, digər zərərli vərdişlərin törətdiyi fəsadlardan, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınmasında maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar.

Sonra narkomaniyanın fəsadlarını əks etdirən videoçarx nümayiş olunub və gəncləri maraqlandıran suallara cavablar verilib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".