“İnsanlıq əleyhinə bəşəri cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar”
Sosial həyat

“İnsanlıq əleyhinə bəşəri cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı  və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "İnsanlıq əleyhinə bəşəri cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və  faktlar" adlı  tədbir keçirilib.

Əvvəlcə  Yasamal rayonunda yerləşən Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin şərəfinə ucaldılan Xatirə Kompleksi ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx nümayiş olunduqdan sonra Bakı Dövlət Universiteti tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının professoru Nuru Məmmədov çıxış edərək soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb.

 Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin əsl həqiqəti ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız ulu öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. Həmin vaxtdan başlayaraq, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü dövlət səviyyəsində keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir.

Tədbirdə qeyd olunub ki, Azərbaycan xalqı tarix boyu bir çox faciələrlə üzləşməsinə baxmayaraq, özünün müstəqillik əzmini qoruyub saxlayıb, yenilməz birlik və həmrəyliyini nümayiş etdirib. Xüsusilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və ordumuzun ətrafında "Dəmir yumruq" kimi birləşən Azərbaycan xalqı 44 gün ərzində gücünün, qüdrətinin nələrə qadir olduğunu düşmənə və bütün dünyaya bir daha nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizdə separatizm məhv edilib. Həmin il oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi,  Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımız ucaldılıb və ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpası yüksək qürur və iftixar hissləri ilə qarşılanıb.