Zəngilanda “Bilim hər yerdə” layihəsinə start verilib
Gündəm

Zəngilanda “Bilim hər yerdə” layihəsinə start verilib

Dekabrın 18-də Zəngilan rayonunun Ağalı kənd orta məktəbində “Bilim hər yerdə” layihəsinə start verilib.

"Respublika" xəbər verir ki, layihə “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi”, “Bilim Bakı” mərkəzləri tərəfindən reallaşdırılır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir çərçivəsində mərkəzin müəllimləri tərəfindən 100-ə yaxın şagirdə riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya, sahibkarlıq sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib, proseslərin vizual izahı üçün müşahidələr və təcrübələr aparılıb.

Həmçinin maarifləndirici, intellektual oyunlar təşkil olunub və “Bilim şou” nümayiş etdirilib.

Sonda şagirdlərə sertifikatlar və hədiyyələr təqdim olunub.

Layihənin məqsədi ucqar ərazilərdə yaşayan 6-14 yaş arası şagirdləri müasir elmlə tanış etmək, onların proqramlaşdırma və texnoloji bacarıqları öyrənmələrinə şərait yaratmaq, innovasiya və texnologiya sahəsində məlumatlılığı artırmaqdır.

Layihənin sponsoru “Final çay”dır.

Xatırladaq ki, “Bilim Bakı” mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılıb. Məqsəd 6 -14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirmək, gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaqdır.