Bakıda Çexiyanın Milli Günü qeyd edilib
Digər xəbərlər

Bakıda Çexiyanın Milli Günü qeyd edilib

Oktyabrın 28-də Çex Respublikasının Milli Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Çexiyanın Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek bu ayın əvvəlində Praqada Azərbaycan Prezidentinin, Ermənistan baş nazirinin, Fransa prezidentinin və Avropa İttifaqı Şurasının Prezidentinin dördtərəfli görüşünün keçirildiyini xatırladıb, bu danışıqların regiondakı vəziyyətin sabitləşməsinə öz töhfəsini verəcəyini qeyd edib.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın çox ümidverici şəkildə inkişaf etdiyini deyən səfir bildirib ki, Çexiya şirkətləri enerji, "yaşıl enerji", nəqliyyat və tikinti sahələrinə, "ağıllı şəhər"lərə çox böyük maraq göstərir.

Diplomat gələn il Çexiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd ediləcəyini deyib, hər iki ölkəyə sülh və səmimi dostluq arzu edib.

Xarici işlər nazirinin müavini Xələf Xələfov diplomata Çex Respublikasının Milli Günü münasibətilə Azərbaycan hökuməti adından təbriklərini çatdırıb. O, 1993-cü il yanvarın 29-da diplomatik münasibətlərin qurulduğunu və gələn il bu əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd ediləcəyini bildirib. Diqqətə çatdırıb ki, ötən illər ərzində ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, səmərəli əməkdaşlıq münasibətləri qurulub.

Nazir müavini, həmçinin ölkələrimiz arasında iqtisadi əlaqələrin, qarşılıqlı sərmayə qoyuluşu və turizm sahələrində əməkdaşlığın davam etdiyini vurğulayıb.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə regionda yeni reallığın yarandığını deyən X.Xələfov bildirib ki, münaqişənin başa çatması regionda sülh və sabitliyin yaranması üçün şərait yaradıb. Azərbaycan son iki ildə azad edilmiş torpaqların bərpası üçün 3 milyard ABŞ dolları ayırıb, indiyədək iki hava limanı tikilib, üçüncünün isə inşası davam edir.

AZƏRTAC