Zəngəzur dəhlizi: geosiyasi reallıqlar və beynəlxalq maraqlar
Siyasət

Zəngəzur dəhlizi: geosiyasi reallıqlar və beynəlxalq maraqlar

Zəngəzur nəqliyyat və enerji dəhlizi olacaq və artıq bu qaçılmazdır. Beynəlxalq yükdaşımalarda Zəngəzur dəhlizinin əhəmiyyəti çox böyükdür, çünki bu yolla yüklər zaman baxımından mənzilbaşına daha tez çatdırılacaq. Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi olan Naxçıvanı deyil, Türkiyə və Avropanı da nəqliyyat baxımından ölkəmizlə birləşdirəcək.

Çin və Orta Asiya ölkələrindən Azərbaycana daxil olan yüklər Zəngəzur dəhlizi ilə Türkiyəyə, oradan Avropaya və əks istiqamətə daşınacaq. Yolboyu texniki xidmət mərkəzlərinin, mehmanxana və digər iaşə obyektlərinin açılması zərurəti ortaya çıxacaq ki, bu da əlavə iş yerlərinin yaranmasına və ümumilikdə əhalinin sosial vəziyyətinin yüksəlməsinə müsbət təsir göstərəcək. Ermənistan yaranan tarixi fürsətdən istifadə etmək üçün üç il bundan əvvəl üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Zaman Azərbaycanın xeyrinə işləyir, ölkəmizdə çox böyük inamla Zəngəzur dəhlizinin açılması üçün əsaslı işlər həyata keçirilir.

Qeyd edək ki, Zəngəzur mahalı Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir və tarixi kimi taleyi də keşməkeşli olub. Çar Rusiyasından və digər dövlətlərin ərazisindən Azərbaycanın tarixi torpaqlarına köçürülən ermənilər məskunlaşdıqdan və yerlərini bərkitdikdən sonra öz xəbis və çirkin niyyətlərini həyata keçiriblər. Bu torpaqlara gəlmə hesab edilən ermənilər havadarlarına arxalanaraq yerli azərbaycanlıları sıxışdırır, onlara təzyiq göstərir, mənəvi sıxıntılara məruz qoyur, qədim yer-yurd adlarını dəyişdirir, əzəli torpaqlarımızı hissə-hissə ələ keçirirdilər. Nəhayət, ötən əsrin əvvəllərində və axırlarında azərbaycanlıları deportasiyaya məruz qoyan daşnak ermənilər Zəngəzur mahalını işğal etdilər. Qədim Zəngəzur iki hissəyə parçalandı: Qərbi və Şərqi Zəngəzur.

1992-1993-cü illərdə Ermənistan fürsətdən istifadə edərək və havadarlarına arxalanıb Şərqi Zəngəzuru da işğala məruz qoydu və bu bərəkətli torpaqlar, yeraltı və yerüstü sərvətlərimiz ermənilər tərəfindən talan edildi. Tarixi haqsızlığa 44 günlük müharibədə son qoyuldu və döyüşlərdə ağır məğlubiyyətə uğrayan Ermənistan ağ bayraq qaldıraraq kapitulyasiya aktına qol çəkdi. İkinci Qarabağ müharibəsi qələbə ilə başa çatandan sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulub ki, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması və bərpası təmin olunsun. Ermənistan bu barədə üzərinə öhdəlik götürüb ki, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət versin. Üç ildən artıqdır ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, dolayısı ilə hətta ona mane olur. Buna baxmayaraq, rəsmi Bakı Zəngəzur dəhlizinin Azərbaycan ərazisinə düşən hissəsində genişmiqyaslı infrastruktur yaradır. Şərqi Zəngəzurda ilk əvvəl həyat əhəmiyyətli infrastruktur layihələr icra olunur, bölgənin enerji təsərrüfatı yenidən qurulur, hava limanları inşa olunur, yeni yollar çəkilir, yaşayış məntəqələri tikilir, keçmiş məcburi köçkünlərin həmin ərazilərdə etibarlı və layiqli məskunlaşması üçün hər cür şərait yaradılır. Şərqi Zəngəzur iqtisadi rayonunda ən əhəmiyyətli layihələrdən biri də dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq avtomobil yollarının tikintisi və Horadiz-Ağbənd dəmir yol xəttinin çəkilməsidir. Bir sözlə, Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün bütün işləri ardıcıllıqla və yüksək keyfiyyətlə davam etdirir. Azərbaycandan Naxçıvana gedən və vaxtilə sökülən dəmir yolunun bərpası üçtərəfli Bəyanatın tələblərindən biridir.

2021-ci il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin bir hissəsinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular. Prezident İlham Əliyev yerli kanallara müsahibəsində Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan tərəfinin şərtlərinin nədən ibarət olduğunu açıq-aydın bəyan etdi. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycandan Azərbaycana gedən yük, vətəndaşlar və avtonəqliyyat vasitələri ilə bağlı heç bir yoxlanış həyata keçirilməməlidir. Əgər Ermənistan bu şərtləri qəbul etməsə, bölgədə hər hansı digər nəqliyyat-kommunikasiya xətti də açılmayacaq. Ermənistan tərəfi də məntiqlə Ermənistandan Ermənistana, yəni İrəvandan Mehriyə Naxçıvan vasitəsilə dəmir yollarından istifadə məsələsini təklif edə bilər. Əgər Ermənistan belə bir təkliflə çıxış etsə, bu, ikitərəfli danışıqlarda müzakirəyə çıxarılacaq məqamlardan biri ola bilər.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu günə kimi Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradır. Məhz ölkəmizin təşəbbüsü ilə ərsəyə gəlmiş Şimal-Cənub, Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri bu gün qitələrarası daşınmaların reallaşmasında böyük rol oynayır. Bu nəqliyyat dəhlizləri tarixi İpək Yolunun bərpasında mühüm əhəmiyyətə malikdir. İndi isə belə dəhlizlərin sırasına daha biri əlavə olunur. Zəngəzurdan - tarixi Azərbaycan torpağından keçəcək və Azərbaycanın əsas ərazisini ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası, eləcə də Türkiyə ilə birləşdirəcək dəhlizin əhəmiyyəti aydın nəzərə çarpır. O cümlədən müxtəlif dövlətlərin bu məsələyə münasibəti, regional və qlobal əməkdaşlıq kontekstində dəhlizin meydana gətirə biləcəyi yeni məqamlardan Ermənistan yararlana bilər. Çox təəssüf ki, düşmən ölkədə bunu başa düşənlərin sayı çox azdır. Bundan əlavə, bu layihənin həyata keçirilməsi bölgədəki digər ölkələrin, ilk növbədə, Türkiyə, Rusiya və İranın maraqlarına tam cavab verir və onlara fayda gətirəcək.

Zəngəzur dəhlizi Ermənistanla Azərbaycan arasında etimadın möhkəmləndirilməsi və sülhün qurulması üçün mühüm vasitə ola bilər. Bu fikri Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Avrasiyada əməkdaşlığın yeni dinamikası" panel müzakirəsində çıxışı zamanı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov söyləyib. O deyib ki, bunun bariz nümunəsi Zəngəzur dəhlizi layihəsidir ki, bu, nəinki Ermənistanla Azərbaycan arasında birbaşa nəqliyyat əlaqələri yarada, həm də İrəvanın regionda iqtisadi təcridinə son qoya bilər. Həmçinin Zəngəzur dəhlizi artıq mövcud olan Orta Dəhlizə alternativ marşrutdur. Çini Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Avropa ilə birləşdirə bilər. Üç ildən artıqdır öhdəliklərini yerinə yetirməkdən yayınan və faktiki olaraq Zəngəzur vasitəsilə nəqliyyat əlaqələrinin bərpasına mane olan İrəvan nəhayət, bu layihənin Ermənistan üçün tam faydasını dərk edəcək. Əks təqdirdə, rəsmi İrəvan tərəfindən arzulanan nəqliyyat qovşağının regional dalan kimi qalmaq riski var.

Düşmən ölkənin öhdəlikdən qaçmasına, daşnak ideologiyasının mənfur revanşist cəhdlərinə baxmayaraq, Zəngəzur dəhlizi tarixi reallığa çevrilir. Azərbaycan Zəngəzur dəhlizini açmaqla tarixi 3 əsrə söykənən qədim İpək Yolunu bərpa edir. Təhlilçilərin bildirdiyinə görə, Zəngəzur dəhlizi Azərbaycanın iqtisadi və siyasi potensialını dəfələrlə artıracaq, Cənubi Qafqazda yeni inteqrasiya təşəbbüsləri yaradacaq. Çinin, Avropanın, eləcə də region dövlətlərinin Zəngəzur dəhlizində ortaq maraqları var. Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın qətiyyətli mövqeyi ölkə başçısının Naxçıvan səfərində də öz əksini tapıb. Prezident İlham Əliyev 2021-ci il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı bildirdi ki, Ordubad dəmir yolu stansiyasına gəlişi təsadüfi deyil: "Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır".

Salman ALIOĞLU,

"Respublika".