Yurda qayıdışımız uzaqda deyil...
Digər xəbərlər

Yurda qayıdışımız uzaqda deyil...

XX əsrin bəlası - Deportasiya

Azərbaycan torpaqları hesabına "böyük Ermənistan" dövləti yaratmaq üçün Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı soyqırımı həyata keçirmək erməni vandallarının milli məqsədi idi. Bunu tarixi faktlar bir daha sübut edir. Qərbi Azərbaycan ərazisinin faşist xislətli erməni quldurları tərəfindən parçalanması, əhalinin ağır müsibətlərə düçar edilməsi son iki əsrdə əvvəlcə çar Rusiyasının, sonralar isə totalitar sovet rejiminin bilavasitə yardımı və himayəsi ilə reallaşmışdır.

Soyqırımı siyasətinin ilkin mərhələsi - Gülüstan və Türkmənçay müqavilələri nəticəsində Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsi və həmin ərazilərə başqa ölkələrdən hayların köçürülməsi ilə başlanır. Ayrı-ayrı illərdə ermənilər tarixi Azərbaycan torpaqları olan İrəvan, Göyçə mahalı, Zəngəzur mahalı, Dərələyəz bölgələrinin ərazilərində məskunlaşdırıldılar və orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, "erməni vilayəti" adlı inzibati ərazi bölgüsünün yaradılmasına nail oldular. Bununla da Qərbi Azərbaycandakı soydaşlarımızın öz əzəli torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası qoyuldu.

Qərbi Azərbaycan ərazisində tarixən mövcud olmuş türk mənşəli toponimlərə çox rast gəlmək olar.

Qərbi Azərbaycan ərazisi bütöv Azərbaycanın tarixinə görə ən qədim, coğrafi-siyasi mövqeyinə görə ən strateji, təbiətinə görə zəngin bölgələrindən biridir.

1918-ci ildə indiki Ermənistanda 575 min azərbaycanlı son dərəcə ağır günlər keçirirdi. Həmin ilin yayında və payızında Zəngəzur qəzasında 115 kənd tamamilə ermənilər tərəfindən məhv edilmişdi. Bu kəndlərdə 7729 nəfər azərbaycanlı, o cümlədən 3257 kişi, 2276 qadın və 2196 uşaq vəhşicəsinə öldürülmüşdü. 1919-cu ildə Zəngəzur mahalının qəza rəisi Məlik Namazəliyev Azərbaycan Cümhuriyyətinin rəhbərliyinə müraciət edərək yazırdı: "Verdikləri vədə xilaf çıxaraq ermənilər Andranikin dəstəsi başda olmaqla otuzdan artıq müsəlman kəndinin əmlakını talan etmiş və yandırmışlar. Qaçıb canını qurtara bilməyən sakinlər cinsindən və yaşından asılı olmayaraq qılıncdan keçirilmişdir. Ermənilər Arazdərə kəndini darmadağın etmiş, kənd əhalisinin bir hissəsini amansızlıqla öldürmüşlər...".

1918-ci ildə Qarakilsənin (Kirovakan) Vartana kəndi daşnaklar tərəfindən tamam yandırılmış, erməni quldur dəstələri Ardıc kəndinin dəyirmançılarını öldürüb kəndə hücum edən zaman azərbaycanlıların güclü müqaviməti ilə üzləşmişdilər. Həmin günlərdə artıq türk ordusu da köməyə gəlmişdi.

Rus ordusunun generalı, milliyyətcə erməni olan Xatisov ermənilərdən ibarət olan ordusu ilə ağır faciələr törədirdi. Ağbabalı Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd ağa süvari alayı ilə Xatisovun ordusuna ağır zərbələr endirdi. Türk ordusu geri çəkilərkən Pəmbəyin 8 kəndinin (Saral, Qursalı, Ardıc, Xancığaz, Hallavar, Heydərli, Mollaqışdağı və Kilsə) camaatı Türkiyəyə keçdi. Onlar bir qədər sonra yenidən ata-baba yurdlarına qayıtdılar. Bu zaman Ağbabanın və Şörəyəlin camaatı böyük itkilər verdi.

1918-ci ildə erməni daşnak ordusu İrəvan quberniyasında 200 azərbaycanlı kəndini qarət edib yandırdı. Həmçinin haylar Vedidə, Zəngəzurda, Göyçə mahalında analoqu olmayan terror hadisələri həyata keçirdilər. Polkovnik Silikyanın başçılıq etdiyi erməni quldur dəstəsi Basarkeçərə göndərildi. Onlar Şişqaya, Kiçik Məzrə, Subatan, Kərkibaş və digər kəndlərdə qanlı faciələr törətdilər.

Ümumiyyətlə, 1918-1920-ci illərdə Qərbi azərbaycanlılar erməni daşnakları tərəfindən ağır işgəncələrə məruz qaldılar, onlar məcburən ata-baba yurdlarını tərk etdilər. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra soydaşlarımız yenidən doğma yurdlarına qayıtdılar.

Qərbi Azərbaycanda ermənilərin antitürk təbliğatı getdikcə güclənirdi. Moskva erməniləri dəstəkləyir, onların şovinist hərəkətlərinə göz yumurdu. Elə buna görə də 1948-1953-cü illərdə erməni xəyanəti nəticəsində "könüllülük" prinsipi altında 150 min soydaşımız Qərbi Azərbaycandan zülm və işgəncə ilə deportasiyaya məruz qaldı, Azərbaycanın Kür-Araz ovalığına köçürüldülər.

XX əsrin 80-ci illərində erməni şovinistləri daha da fəallaşdılar. Keçmiş Dağlıq Qarabağ məsələsini ortaya ataraq, Mixail Qorbaçovu ələ aldılar. 1988-ci ildə Ermənistandakı azərbaycanlılar böyük amansızlıqlarla üzləşdilər. Onlar son nəfərə qədər min illər boyu yaşadıqları ərazilərdən qovuldu. Qaçqına çevrilən 300 minə yaxın azərbaycanlının hüquqlarının pozulması SSRİ rəhbərliyini maraqlandırmadı.

Artıq 35 ildir ki, Qərbi azərbaycanlılar Vətən həsrəti ilə yaşayırlar. Hazırda bu sahədə məqsədyönlü iş aparılır. Qərbi Azərbaycan İcmasının beynəlxalq müstəvidə uğurlu fəaliyyəti göstərir ki, soydaşlarımızın pozulmuş hüquqları bərpa olunacaq, beynəlxalq ictimaiyyətə ünvanlanan müraciətlər səmərəsini verəcək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qərbi azərbaycanlıların doğma yurd yerlərinə təhlükəsiz qayıdışı təmin olunacaqdır.

Vüsalə YUSİFOVA,

Binəqədi rayonundakı 100 nömrəli məktəbin müəllimi.