Yurd yerinin sevinci
Sosial həyat

Yurd yerinin sevinci

Rəşadətli Azərbaycan ordusu  30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımızı azad edərək düşmən ordusunu darmadağın edib.

Ötən il sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. Vətən müharibəsində ordumuzun hücumlarına tab gətirə bilməyən düşmən öz xislətinə uyğun olaraq dinc insanları və onların evlərini hədəfə alırdı.

Lakin heç kəs doğma evini tərk etmədi. Ölümsaçan bombalar, quduz it kimi ulayan güllələr füzulililəri qorxutmadı. Düşmən mərmisi ilə evləri dağılan adamlar öz həyətində çadır quraraq yaşadılar. Onların əzmini, inamını qıra bilməyən düşmən silahlı qüvvələrimiz tərəfindən ağır zərbələr aldı. Otuz ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi.

Ermənistan ordusunun artilleriya atəşi nəticəsində Füzuli rayonunun əlimizdə olan hissəsində 372 binaya ziyan dəyib. Tamamilə dağılan 12 evdən 8-i qısa müddətdə yenidən inşa olunaraq sakinlərə təhvil verilib. 4 evin inşası isə davam edir. Həmçinin dağıntıya məruz qalan 330 tikilinin təmiri başa çatıb, digər tikililərdə  işlər davam etdirilir.

Dağıntıya məruz qalan evinin yerində yaraşıqlı və müasir evlə təmin olunan Horadiz şəhər sakini Bağdagül Abbasova həm sevinir, dövlətin qayğısını yüksək qiymətləndirir, həm də müzəffər ordumuza güvənərək evini, doğma yurdunu tərk etmədiyini söyləyir. Bu diqqət və qayğıya görə isə Prezidentimizə, Qalib Ali Baş Komandan İlham Əliyevə təşəkkür edir.

Azərbaycan ordusunun zərbələri qarşısında aciz qalan ermənilər öz gücünü dinc əhaliyə göstərib. Həmin vaxt Arayatılı kəndi də artilleriya atəşinə məruz qalıb. Kənddə bir çox ev, o cümlədən Arayatılı kənd inzibati vahidliyinin binası da dağılıb. Hazırda binada təmir işləri aparılır. Kənd sakinləri güclü ordumuza güvənərək kəndi tərk etməyib.

Müharibə dövründə evlərini, yaxınlarını itirmiş mülki şəxslərin problemləri ardıcıl olaraq həll edilir. Ermənistan döyüş meydanında şanlı ordumuza  qarşı müqavimət göstərə bilmədiyi halda mülki əhalini atəşə tutub, hərbi cinayətlər törədib, qadağan edilmiş silahlardan, o cümlədən ağ fosforlu bombalardan istifadə edib. Minlərlə fərdi ev və fərdi sahibkarlıq obyekti dağıdılıb. Bu gün dağıntılara məruz qalmış bütün şəhər və rayonlarımızda quruculuq işləri gedir,  dövlət xətti ilə dağılmış əvvəlki evlərdən qat-qat keyfiyyətli yeni evlər tikilir.

Yurd yerinin sevincini yaşayan insanlar söhbət zamanı dövlət qayğısından, onlara göstərilən diqqətdən ürəkdolusu söz açdılar. Yurd yerlərinizin işığı həmişə yansın.

Salman ALIOĞLU,

“Respublika”.