Yurd həsrətinə son verəcək ümid işığı
Digər xəbərlər

Yurd həsrətinə son verəcək ümid işığı

Bu ümid ölkə başçısının Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündəki çıxışından sonra cücərməyə, işıqlanmağa başladı. Doğulub boya-başa çatdığım ana vətənimin dilbər guşələrini 35 ildir ancaq yuxularda görürəm.

Onda yayın son günləri idi, dərslərin başlanmasına sayılı günlər qalırdı. Ailə üzvlərim Zəngəzurla Dərələyəzin qovuşacağında yerləşən kəndimizdə - Köçbəkdə valideynlərimizin yanında yay istirahətində idilər. Onları gətirmək üçün yola çıxdıq. İlk dayanacağımız Laçında oldu. Tələbə yoldaşım rəhmətlik Elxanla bir qədər dərdləşdikdən sonra üzü Zəngəzura yol aldıq. Gorusa çatanda sürücü baş yoldan çıxıb şəhərə girdi, erməni dostu şəhərdə yaşayırdı. Bizi mehribanlıqla qarşıladılar, quzu kəsdilər. Adamın ağlına gəlməzdi ki, cəmi bir neçə aydan sonra bu nankorlar bizim qanımıza susayacaqlar...

Axşama yaxın yola düşdük, Zəngəzurun Bazarçay gədiyinə qalxan kimi Köçbəyin ərazisi başlayırdı: Qovşudlu dərəsi, Hacı Fərhad düzü, Kəllə qaya, Məmmədölən, Dərəyurd, Sullaf, Payız yurdu, Qazma, Quşduqaya, Babaxan, Çınqıllı... saymaqla qurtarmayan bu türk mənşəli məskənlərinin adını daşıyan yerdən qaynayan gursulu bulaqları vardı. Elə bulaqlar ki, ən dözümlü insan belə əlini suda 15-20 saniyə saxlaya bilərdi. Bir gün İstisu (Cermuk) şəhərinə, bir gün Dərələyəzin Qaraqaya kəndinə getdik, bu təəssüratları yazmaqla qurtarmaz...

Geri qayıdanda Sisyanın (Qarakilsə) Şəki kəndinin girəcəyində Güllübulaq deyilən pavilyonda çay içdik, sanki bir daha oraları görə bilməyəcəyim əyan olmuşdu, harada bir maraqlı yer var, dayanıb övladlarıma göstərirdim.

Şuşaya çatanda sürücüyə dedim: "Qarşıdan İsa bulağına yol var, dön orada bir az dincələk, dünyanın işini bilmək olmaz, bəlkə bir də yolumuz bu yerlərə düşmədi, qoy mənim balalarım da görsün bu dilbər guşəni".

İndi isə ölkə başçısının inamla "Qərbi azərbaycanlılar öz doğma yurdlarına qayıdacaqlar" deməsi bütün həmvətənlərimiz kimi, məni də ruhlandırır, yaşamaq üçün stimul verir.

Maarif PİRƏLİYEV,

müəllim, Şəki şəhəri, Şəki kəndi.