Yüksək nüfuzun, etimadın ifadəsi
Siyasət

Yüksək nüfuzun, etimadın ifadəsi

Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.

Ötən ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin liderlərinin Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyev fəxri qonaq qismində iştirak edib.

Dövlət başçısının Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına qatılmasından sonra Azərbaycanın gələcəkdə bu təşkilata üzv olması məsələsi yenidən gündəmə gəlib. Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu bu nüfuzlu təşkilatın Zirvə görüşünə Azərbaycan Prezidenti İlham Əliyevin də dəvət olunması dövlətimizin başçısına göstərilən yüksək ehtiramın əyani təsdiqidir.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 8 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan), 4 müşahidəçi üzvü (Əfqanıstan, İran, Monqolustan, Belarus) və 9 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) var. İranın təşkilatın üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanının isə dialoq tərəfdaşı statusu almasına dair artıq siyasi qərarlar qəbul olunub. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə ölkəmizlə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb.Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi; regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi; yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

ŞƏT-in iki daimi orqanı - Pekində yerləşən Katibliyi və Daşkənddə yerləşən Terrorizmə qarşı Regional Strukturu mövcuddur. Təşkilatın hazırkı baş katibi Çin nümayəndəsi Can Mindir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı kimi fəal rolunu vurğulayan baş katib Can Min son dövrlər ölkəmizin təşkilat çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakını təqdir edib. ŞƏT-in ötən ilin sentyabrında Səmərqənddə keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakını xüsusi vurğulayan Can Min təşkilat ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan danışıb. Baş katib ŞƏT-in tədbirlərində Heydər Əliyev Fondunun yaxından iştirakının Azərbaycan-ŞƏT əməkdaşlığını möhkəmləndirdiyini deyib, Azərbaycanın təşəbbüsü ilə ŞƏT-in katibliyində keçirilmiş bir sıra mühüm tədbirlər sayəsində Azərbaycanın mədəni-humanitar potensialının nümayiş etdirildiyini bildirib.

"Avropa siyasi birliyi" qitə ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. "Avropa siyasi birliyi"nin 1-ci Zirvə toplantısı 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilib: "Prezident İlham Əliyevin Praqa görüşünə dəvət olunması Azərbaycanın Avropanın strateji prioritetlərindən biri olduğunu təsdiqlədi. Praqa Zirvə toplantısında Azərbaycan və Ermənistan liderlərinin görüşü oldu və tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdılar. Bu, çox mühüm razılaşma idi. Kişineuda keçirilən sonuncu qeyri-formal görüşdə də Alma-Ata Bəyannaməsinə uyğun olaraq sərhədlərin müəyyənləşdirilməsinin vacibliyi bir daha dilə gətirildi. Moldovada bu il keçirilən "Avropa siyasi birliyi"nin 2-ci Zirvə toplantısı bir sıra siyasi hadisələrlə zəngin oldu. Azərbaycan Prezidenti İlham Əliyevin ikinci dəfə təşkil olunan bu tədbirin hər ikisinə dəvət edilməsi Avropanın ölkəmizə necə böyük əhəmiyyət verdiyini, onu etibarlı tərəfdaş kimi qəbul etdiyini göstərir. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın artan nüfuzu, Cənubi Qafqazda yaranan yeni reallıqlar Avropa İttifaqı tərəfindən qəbul olunur.

Münxen Təhlükəsizlik Konfransı da mühüm beynəlxalq platformadır. 20 ildən artıqdır ki, keçirilən Münxen Təhlükəsizlik Konfransı bu istiqamətdə təşkil olunan tədbirlər içərisində ən əhəmiyyətlisidir. Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət alması və konfrans çərçivəsində müxtəlif tədbirlərdə iştirakı, önəmli görüşlər keçirməsi dövlətimizin başçısının dünya miqyasında yüksək nüfuzunun göstəricisidir. Bu il keçirilən konfransda 40 dövlətin lideri və müxtəlif ölkələri təmsil edən xeyli sayda hökumət nümayəndələri iştirak ediblər. Gözlənildiyi kimi, konfransın aparıcı mövzusu Rusiya-Ukrayna müharibəsi olsa da, hazırda dünyanı daha çox düşündürən digər məsələlər də gündəmdə oldu. Onlardan biri də enerji təhlükəsizliyi məsələsidir. Prezident İlham Əliyevin enerji təhlükəsizliyi ilə bağlı dəyirmi masada iştirakı, məzmunlu çıxışı Azərbaycanın Avropa üçün əhəmiyyətini göstərir. Dəyirmi masada ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan dövlətimizin başçısı bildirdi ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir.

Münxen Təhlükəsizlik Konfransı dedikdə Azərbaycan xalqının yaddaşına həmişəlik həkk olunmuş hadisə - 2020-ci ilin fevral ayında Konfrans çərçivəsində keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın dövlət başçısı və Ermənistanın baş naziri arasında keçirilmiş canlı debat gəlir. Azərbaycan və Ermənistan liderləri arasında tarixdə ilk və indiyə qədər yeganə canlı efir debatı olduğu üçün ona maraq da çox böyük idi. Həmin debatda dünyanın gözü qarşısında dövlətimizin başçısı tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab verdi, tarixi həqiqətin, beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüyünü nümayiş etdirdi, bununla da Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurdu. O tarixi debatda Prezident İlham Əliyevin iştirakı elə həmin ilin sonunda Azərbaycanın Vətən müharibəsində qalib gəlməklə öz torpaqlarını geri qaytardığı çətin və şərəfli yolun ən şanlı səhifələrindən biri idi.

Mustafa KAMAL,

"Respublika".