Yüksək məhsuldarlıq ənənələri davam edir
Region

Yüksək məhsuldarlıq ənənələri davam edir

İsmayıllı

Prezident İlham Əliyev tərəfindən respublikanın ərzaq təhlükəsizliyinə aid qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi və onun yerlərdəki tabeli qurumlarının qarşısında mühüm vəzifələr qoymuşdur. Bu vəzifələrin yerinə yetirilməsi sahəsində İsmayıllı rayonunun da öz töhfələri vardır. Rayonda 207372 hektar ümumi torpaq sahələri vardır ki, bundan 114117 hektarı kənd təsərrüfatı təyinatlı torpaqlardır və 33130 hektarı əkinəyararlıdır, 1121 hektarını isə üzüm bağları təşkil edir.

İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yəhyayev bildirdi ki, rayonumuzda iqtisadiyyatın əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edir. 2022-ci ilin birinci yarımilində rayonda kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcmi rayon üzrə ümumi məhsul buraxılışının 55.3%-ni təşkil etmişdirsə, cari ildə bu göstərici 56.5% olmuşdur. Yəni kənd təsərrüfatında məhsul buraxılışının ümumi dəyəri 9 ayda 123106 min manatdan 125874 min manata yüksəlmişdir. Kənd təsərrüfatı əsasən bitkiçilik və heyvandarlıq sahələrindən ibarətdir. Bitkiçilik sahəsi taxılçılıq, kartof istehsalı, tərəvəz, meyvə, üzüm, yem bitkiləri sahələrindən, heyvandarlıq sahəsi isə iribuynuzlu maldarlıq, qoyunçuluq, quşçuluq, qismən donuzçuluq və arıçılıq sahələrindən təşkil olunmuşdur.

Ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatı sektorunun aparıcı sahələrindən biridir. Belə ki, rayonumuzda bitkiçilik sahəsinin aparıcı qolu olan taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edərək əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır.

İsmayıllı rayonu öz taxılçılıq ənənələri ilə xüsusi yerlərdən birini tutur. Son illərdə rayonun taxıl istehsalı göstəricisi 100 min tondan yüksəkdə durur. Respublikamızda dəmyə şəraitdə taxıl yetişdirən rayonlar arasında İsmayıllı yüksək məhsuldarlıq göstəricisi ilə fərqlənir. 2023-cü ildə 30243 hektardan, 93071 ton dənli taxıl bitkiləri, o cümlədən 68957 ton buğda və 22428 ton arpa məhsulu istehsal olunmuş, buğdanın məhsuldarlığı 30,5 sentner, arpanın məhsuldarlığı isə 29,6 sentner olmuşdur.

Cari ilin yazında 2214.4 hektarda yazlıq bitkilər əkilmişdir ki, bu da əvvəlki ildən 293,6 hektar artıqdır. Yazlıq əkinlərin 526 hektarını paxlalı bitkilər, 268 hektarını texniki bitkilər, 1459 hektarını kartof və tərəvəz bitkiləri təşkil edir. 2023-cü ildə 207 ton noxud, 1279 ton yemlik paxlalı dəni, 49 ton lobya, 10710 ton kartof, 6806 ton tərəvəz istehsal olunmuşdur.

Məhsuldarlığın ildən-ilə yüksəldilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yerli qurumlarının əməkdaşları tərəfindən rayonda fermerlərə müvafiq tövsiyələr verilir, innovativ metodların tətbiqi sahəsində əməli köməklik göstərilir.

Meyvəçilik İsmayıllı rayonunun ənənəvi kənd təsərrüfatı sahələrindən biridir. Rayonda 2023-cü ildə 3950.9 hektar cəmi meyvə bağı (ondan 964.5 hektarı barverən), 961.1 hektar üzüm bağı (ondan 930.9 hektarı barverən) mövcuddur. Bağlardan indiyənədək 6768 tondan artıq meyvə, 2450 ton üzüm toplanmışdır.

Bu il rayona 150 qutu baramaqurdu gətirilərək 43 kümçüyə paylanmış və 4205.4 kq barama istehsal olunaraq tədarük məntəqələrinə təhvil verilmişdir.

Tütünçülük də rayonumuzun kənd təsərrüfatında özünəməxsus yeri olan sahələrdən biridir. Kolxoz-sovxozlar ləğv edildikdən sonra bu sahəyə maraq tamamilə yoxa çıxmışdı. Son 4 ildə rayonumuzda bu sahə yenidən inkişaf etdirilməyə başlanmış, cari ildə 20 hektarda tütün əkilmişdir. Bu günədək tədarük məntəqələrinə 30 ton quru tütün təhvil verilmiş, yarpaq dərimi və qurutma davam etdirilir.

2024-cü ilin məhsul əkini üçün bu ilin payızında 30350 hektarda şum çıxarılmışdır ki, bu da əvvəlki ildəkindən 1260 hektar çoxdur. Artıq 2700 hektardan çox sahədə payızlıq arpa və buğda səpini başa çatdırılmışdır ki, bu da əvvəlki ilə nisbətən 350 hektar artıqdır. Yüksək məhsuldarlıq ənənələrini davam etdirmək üçün taxıl əkini zamanı aqrotexniki tədbirlərə maksimum dərəcədə əməl olunur.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".